Argentinanın da Azərbaycanda səfirliyi olacaq
27 Mart 2013 Çərşənbə 18:24
İlk səfirin Bakıya yola salınması münasibətilə Buenos-Ayresdə rəsmi ziyafət təşkil edilib.
Argentina Respublikasının Azərbaycanda səfirliyinin təsis edilməsi və iqamətgahı Bakı şəhərində olmaqla Argentinanın Azərbaycana təyin olunmuş ilk fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Rivanın yola salınması münasibətilə Azərbaycanın Buenos-Ayresdəki səfirliyi tərəfindən rəsmi ziyafət verilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ziyafətdə Argentinanın müxtəlif nazirliklərinin rəhbər şəxsləri, Argentina Milli Konqresinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla dostluq qruplarının üzvləri olan çoxsaylı senator və deputatlar, Buenos-Ayresdə akkreditə olunan diplomatik korpusun üzvləri, ölkənin tanınmış alimləri, siyasi analitikləri, intellektualları, ictimai xadimləri, iş adamları və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə son illərdə intensivliyi ilə seçilən Azərbaycan-Argentina münasibətlərindən danışıb, Argentinanın Azərbaycana səfirliyinin təsis edilməsi və ölkəmizə fövqəladə və səlahiyyətli səfir Karlos Dante Rivanın təyin edilməsini əlaqələrimizdə əlamətdar hadisələr kimi qiymətləndirib. O, bunun iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Məmməd Əhmədzadə növbəti illərdə iki ölkə arasında əlaqələrin daha da dərinləşərək hər iki ölkənin xalqlarının rifahına xidmət edəcəyindən əminliyini bildirib, Karlos Dante Rivanın rəhbərliyi ilə Argentinanın Bakıdakı diplomatik missiyasına uğurlar arzulayıb.

Argentina hökuməti adından çıxış edən xarici siyasət üzrə dövlət katibinin müavini Maria del Carmen Squeff Azərbaycanın Argentina üçün önəmli tərəfdaş olduğunu qeyd edib, Azərbaycanın Buenos-Ayresdə səfirliyinin təsis edilməsindən sonra iki ölkə arasında müxtəlif sahələrdə yaxın təmasların qurulduğu, çoxsaylı səfərlərin həyata keçirildiyi, sazişlərin imzalandığını bildirib. Ötən il Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi vaxtı Azərbaycana səfər etdiyini deyən Argentina nümayəndəsi Azərbaycanı yüksək sosial-iqtisadi inkişaf və müxtəlif din və mədəniyyətlərin sülh içində yaşadığı yüksək tolerantlığı ilə seçilən ölkə kimi xarakterizə edib. Argentina hökumətinin Azərbaycanda səfirliyini təsis etmək və Bakıya səfir təyin etməklə Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək niyyətini bildirən Maria del Carmen Squeff səfirə fəaliyyətində müvəffəqiyyətlər diləyib. Karlos Dante Riva təşkil edilmiş ziyafətə görə təşəkkürünü bildirib və Argentinanın Azərbaycana ilk rezident səfiri təyin olunmasından şərəf duyduğunu dilə gətirib. O, Azərbaycanda həyata keçirəcəyi fəaliyyət istiqamətləri barədə danışıb. Tədbirdə çıxış edən Argentina Mili Konqresinin Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupunun sədri Roberto Mouilleron son illərdə Argentina-Azərbaycan əməkdaşlığı, Azərbaycana 2011 və 2012-ci illərdə həyata keçirilmiş səfərləri barədə danışıb, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.

Tədbirdə Argentinanın La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutu (İRİ) nəzdində fəaliyyət göstərən “Azərbaycanşünaslıq Kafedrası” tərəfindən dərc edilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” (Que se sobre Azerbaiyan?) kitabının təqdimatı keçirilib. Kitab ötən il Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səfirliyin dəstəyi ilə Argentinanın La Plata Dövlət Universitetindəki “Azərbaycanşünaslıq Kafedrası” tərəfindən təşkil edilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” yazı-inşa müsabiqəsinin qaliblərinin yazılarının və ötən ilin dekabr ayında Azərbaycana səfərdən qayıtdıqdan sonra təəssüratlarının toplusudur. Kitabın təqdimatı məqsədilə çıxış etmiş “Azərbaycanşünaslıq kafedarsı”nın katibi professor Paulo Botta müsabiqənin keçirilməsi və qaliblərin Azərbaycana səfəri, habelə kafedranın fəaliyyəti barədə məlumat verib. Çıxışın ardınca müsabiqə qaliblərinin Azərbaycana səfəri vaxtı çəkdirdikləri fotoşəkillərdən ibarət musiqili çarx təqdim olunub.

Buenos-Ayresdəki Belgrano Universitetinin beynəlxalq əlaqələr üzrə direktoru Xorxe Marmol Kastro deyib ki, son illərdə Azərbaycana səfər etmiş bir qrup argentinalı siyasi, işgüzar, akademik-intellektual, mədəni və təhsil dairələrinin nümayəndələrinin Azərbaycana valeh olaraq Azərbaycanın tanıdılması və iki ölkə xalqları arasında təmasların gücləndirilməsi üçün Azərbaycanın Argentinalı Dostları Klubunu yaratmaq təşəbbüsü irəli sürüb. Tədbir iştirakçılarını bu Kluba daxil olmağa dəvət edən Xorxe Marmol Kastro Klubun Azərbaycanla bağlı müxtəlif seminar, konfrans, sərgi, musiqi gecələri, sosial yığıncaqların təşkili edəcəyini nəzərə çatdırıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar