24 əcnəbi ölkədən çıxarılıb
19 Fevral 2013 Çərşənbə Axşamı 17:30
Ötən həftə ölkə qanunvericiliyinin tələblərini pozmuş 654 əcnəbi aşkar edilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 654 əcnəbi aşkar edilib. Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata grə, 11.02.2013-16.02.2013-cü il tarixlərdə Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində 654 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 47 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Bundan başqa 583 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 24 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib. Həmçinin inzibati qanun pozuntusuna yol vermiş əksəriyyəti Gürcüstan vətəndaşı olmaqla 138 nəfər İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilib.

Ümumiyyətlə, həftə ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 1302 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib.

Bununla yanaşı, işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə də Xidmətin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 16 sahibkarlıq subyektlərində yoxlamalar aparılıb.

Keçirilmiş tədbirlər nəticəsində 11 sahibkarlıq subyektində əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi qaydalarının pozulması halları aşkar edilib.

Qeyd edək ki, ötən həftə Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozduğuna görə 617 əcnəbi və vətəndaşlığı olmayan şəxs müəyyən edilmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar