Səid Qurbanov Bakıda vəfat edib
13 Mart 2009 Cümə 11:35
Dağıstan prezidentinin sabiq müşaviri, Dağıstanda Azərbaycan diasporunun görkəmli nümayəndəsi Səid Qurbanov 81 yaşında dünyasını dəyişib.
APA-nın məlumatına görə, martın 11-də ürək çatışmazlığı diaqnozu ilə Bakıya gətirilən xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin cəhdinə baxmayaraq, onun həyatını xilas eləmək mümkün olmayıb və Səid Qurbanov xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Dağıstanın Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, Səid Qurbanov bu gün Dağıstanın Dərbənd rayonunun Salik kəndində torpağa tapşırılacaq. Qeyd edək ki, ötən ilin dekabrın prezident İlham Əliyevin sərəncamı ilə Səid Qurbanov “Şöhrət” ordeni ilə təltif edilmişdi.

Qeyd edək ki, milliyyətcə azərbaycanlı olan Səid Camal oğlu Qurbanov 1928-ci il dekabrın 21-də Dərbəndin Salik kəndində anadan olub. Uzun illər müxtəlif dövlət vəzifələrində çalışan Səid Qurbanov 1965-ci ildə Dərbənd rayon İcraiyyə Komitəsinin sədri, 1966-cı ildə isə Dərbənd rayon partiya komitəsinin birinci katibi seçilib. 1971-73-cü illərdə Dağıstanın kənd təsərrüfatı naziri olan soydaşımız Səid Qurbanov 1973-cü ildə yenidən Dərbənd rayonunun birinci katibi vəzifəsində çalışıb. O, 1991-1998-ci illərdə Dərbənd rayon Deputatlar Sovetinin sədrlik edib, 1998-ci ildən təqaüdə çıxana kimi isə Dağıstan prezidentinin müşaviri vəzifəsində çalışıb. 2005-ci ildə təqaüdə çıxan Səid Qurbanov Dağıstan prezidenti yanında Ağsaqqallar Şurasının üzvü olub. İki dəfə Dağıstan Sovet Sosialist Respublikasının deputatı olan soydaşımız həmçinin Dağıstan Respublikası Dövlət Şurasının da üzvü olub. Bu gün Səid Qurbanovun vəfatı münasibətilə Dağıstan Respublikasının rəhbərliyinin nekroloqu yayımlanıb. Nekroloqda Səid Qurbanovun görkəmli dövlət xadimi olduğu bildirilir və Azərbaycan və Dağıstan arasında əlaqələrin həmişə ən yüksək səviyyədə olmasında onun oynadığı rol xüsusi vurğulanır. Nekroloqu Dağıstan prezidenti Muxu Əliyev, Xalq Məclisinin sədri Məhəmməd Süleymanov, baş nazir Şamil Zeynalov, Dağıstan hökumətinin üzvləri, rayon və şəhər administrasiyalarının rəhbərləri imzalayıblar.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar