Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Qafqazın təhlükəsizliyinin Türkiyə, Azərbaycan və Gürcüstanın təhlükəsizliyindən ayrı düşünülə bilməyəcəyini bəyan edib. TRT World-ün məlumatına görə, nazir bu fikirləri oktyabrın 2-də Şuşada keçirilən Türkiyə–Azərbaycan–Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə səsləndirib.
Gülər Azərbaycan mədəniyyətinin ürəyi adlandırdığı Şuşada olmaqdan məmnunluğunu ifadə edərək, üç ölkənin ortaq tarix və coğrafiya, qarşılıqlı etimad və möhkəm dostluq telləri ilə bağlı olan dost qonşular olduğunu bildirib. Onun sözlərinə görə, bu münasibətlər getdikcə daha dərin və çoxölçülü strateji əməkdaşlığa çevrilib, Cənubi Qafqaz isə mühüm transformasiya mərhələsindən keçir.
Nazir Türkiyənin Azərbaycan ilə Ermənistan arasında sülhün qurulması istiqamətində son inkişafları alqışladığını vurğulayıb: “İnanırıq ki, bu yeni dövr regionun ölkələrinin birgə səyləri ilə Cənubi Qafqazda əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Burada Türkiyə–Azərbaycan–Gürcüstan əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır”.
Gülər üç ölkə arasında mövcud enerji, nəqliyyat və rabitə layihələrinin təkcə iqtisadi inkişafa deyil, həm də regional təhlükəsizlik və sabitliyə töhfə verdiyini qeyd edib. “Bu layihələrin təhlükəsizliyinin təmin edilməsi ölkələrimizin ortaq məsuliyyətidir”, – deyən nazir birgə hərbi təlimləri, hazırlıq proqramlarını və təcrübə mübadiləsini bu məsuliyyətin praktiki ifadəsi kimi səciyyələndirib.
O, həmçinin Gürcüstan və Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə Türkiyənin güclü dəstəyini bir daha ifadə edib və qarşıdakı günlərdə üç ölkə arasındakı etimad və həmrəyliyi Qafqazda sülh, təhlükəsizlik, sabitlik və rifaha xidmət edəcək şəkildə daha da irəli aparmağa hazır olduqlarını bildirib.
Üçtərəfli format üzrə görüşlər Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri arasında müntəzəm olaraq keçirilir. Şuşada olarkən Gülər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirib.
Mənbə: TRT World




Şərhlər