İsveçrə Alplarındakı buzlaqlar son bir ildə həcminin 5 faizdən çoxunu itirib və bu göstərici yalnız 2022-ci ildən geri qalır. Anadolu Agentliyinin oktyabrın 1-də verdiyi məlumata görə, bu barədə İsveçrə Buzlaq Monitorinqi Şəbəkəsinin (GLAMOS) rəhbəri Mattias Huss bildirib.
Huss istilik dalğaları nəticəsində “cəmi bir ildə İsveçrə Alplarındakı buzlaqların buz həcminin 5 faizdən çoxunun itirildiyini” deyərək bunu “demək olar ki, rekord” adlandırıb. Onun sözlərinə görə, yalnız 2022-ci ildə vəziyyət daha pis olub.
GLAMOS rəhbəri bu ilin yayını ölçmələrin aparılmağa başlandığı dövrdən bəri “İsveçrədə və Avropada müşahidə edilən ən isti yay” kimi səciyyələndirib. Mayda başlayan istilik dalğaları iyul, avqust və sentyabr aylarında da davam edib. Bundan əlavə, qış mövsümünün quraq keçməsi və qar örtüyünün az olması buzlaqların qorunmasını daha da çətinləşdirib.
Huss bu hadisələrlə insan fəaliyyətindən qaynaqlanan iqlim dəyişikliyi arasında birbaşa əlaqə olduğunu vurğulayıb. O, temperaturun davamlı olaraq yüksəldiyini və istilik dalğalarının tezliyinin əvvəlki illərlə müqayisədə kəskin artdığını qeyd edib.
Gələcəyə dair proqnozlara toxunan Huss emissiyalar azaldılmadığı təqdirdə 2100-cü ilə qədər İsveçrə buzlaqlarının təxminən 90 faizinin yox ola biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, ən nikbin iqlim ssenariləri belə buzlaq kütləsinin yalnız təxminən 20 faizinin qorunmasına imkan verir və böyük buzlaqlar onilliklər ərzində ya əhəmiyyətli dərəcədə kiçiləcək, ya da tamamilə itəcək.
GLAMOS İsveçrə buzlaqlarının vəziyyətini hər il ölçür və hesabatlar dərc edir. Huss qeyd edib ki, 2022-ci ildən sonra ikinci ən böyük illik itki olan bu ilin nəticəsi istilik dalğalarının ardıcıl olaraq uzun müddət davam etməsinin və qar ehtiyatının az olmasının birgə təsiri ilə izah olunur.
Buzlaqların azalması İsveçrənin su ehtiyatları və hidroenergetika üçün ciddi nəticələr doğurur. Huss buzlaqların quraq yay aylarında çayların su səviyyəsinin tənzimlənməsində mühüm rol oynadığını xatırladıb. Alp buzlaqlarının əriməsi həmçinin dünya okeanlarının səviyyəsinin qalxmasına töhfə verən amillər sırasındadır.
Mənbə: Anadolu Agentliyi




Şərhlər