Dünya

ABŞ Suriyəni müdafiə ticarəti məhdudiyyətləri siyahısından çıxarıb

ABŞ Dövlət Departamenti Suriyəyə müdafiə ixracına qoyulan ümumi qadağanı ləğv edərək müraciətlərin bundan sonra hər bir hal üzrə ayrıca nəzərdən keçiriləcəyini açıqlayıb.

· Xəbərçi
ABŞ Suriyəni müdafiə ticarəti məhdudiyyətləri siyahısından çıxarıb

ABŞ Dövlət Departamenti Suriyəyə qarşı tətbiq edilən müdafiə ixracı məhdudiyyətlərini ləğv edərək bu sahədə ticarətin bundan sonra hər bir hal üzrə ayrıca qiymətləndiriləcəyini bildirib. Anadolu Agentliyinin oktyabrın 2-də verdiyi məlumata görə, Beynəlxalq Silah Ticarəti Qaydalarına (ITAR) edilən dəyişikliklə Suriyə müdafiə məhsulları və xidmətlərinin ixracı və idxalı üzrə lisenziyaların rədd edildiyi ölkələr siyahısından çıxarılıb.

Federal Reyestrdə dərc olunan yekun qaydada dəyişikliyin Dövlət katibinin 2026-cı il avqustun 19-da qəbul etdiyi yeni müdafiə ticarəti siyasəti qərarına uyğun həyata keçirildiyi qeyd olunur.

Yeni siyasətə əsasən, Suriyəyə müdafiə məhsulları və xidmətlərinin ötürülməsi ilə bağlı müraciətlər əvvəllər ITAR çərçivəsində tətbiq edilən ümumi rədd siyasəti əvəzinə hər bir hal üzrə ayrıca araşdırılaraq lisenziyalaşdırılacaq.

Dövlət Departamentinin açıqlamasında statusun dəyişdirilməsinin terrorizmə dəstək qərarının ləğvi də daxil olmaqla zəruri hüquqi şərtlərin yerinə yetirilməsindən və müvafiq ABŞ qanunları çərçivəsindəki bəzi məhdudiyyətlərdən azadolmadan sonra reallaşdığı bildirilir.

Anadolu Agentliyi xatırladır ki, ABŞ Suriyəyə qarşı ilk müdafiə ticarəti məhdudiyyətini 1979-cu il dekabrın 29-da qüvvəyə mindirmişdi. Beləliklə, təxminən 47 il davam edən qadağa rejimi rəsmi olaraq başa çatır.

ITAR ABŞ-nin müdafiə təyinatlı məhsul, texnologiya və xidmətlərin ixracı və idxalını tənzimləyən əsas qaydalar toplusudur. Bu qaydalar çərçivəsində “rədd siyasəti” tətbiq edilən ölkələrə müdafiə məhsullarının satışı üçün lisenziya müraciətləri, bir qayda olaraq, avtomatik olaraq rədd edilir. Suriyənin bu siyahıdan çıxarılması həmin avtomatik rədd mexanizminin ona münasibətdə artıq tətbiq edilməyəcəyi deməkdir.

Qərar Vaşinqtonun Suriyəyə münasibətdə son dövrdə atdığı addımların davamı kimi qiymətləndirilir. Suriyədə hakimiyyət dəyişikliyindən sonra ABŞ bu ölkəyə qarşı bir sıra sanksiya və məhdudiyyətlərə yenidən baxmağa başlamışdı. Yeni qayda ixracat üçün avtomatik icazə demək deyil: hər bir müraciət ayrıca nəzərdən keçiriləcək və Dövlət Departamentinin təsdiqindən asılı olacaq.

Mənbə: Anadolu Agentliyi

Şərhlər