Ebola bir ölkədə daha ortaya çıxıb
18 Oktyabr 2014 Şənbə 13:58
Kolumbiyada bir nəfər Ebola şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Kolumbiyanın Kali şəhərində bir nəfər Ebolaya yoluxmaqda şübhəli bilinətək xəstəxanaya yerləşdirilib.

ANS PRESS-in məlumatlna görə, bu barədə ölkənin səhiyyə naziri Arold Suares xəbər verib.

“Onun bütün lazım olan analizləri aparılır. Denge, malyariya, sarılıq və Eboladan”- deyə Suares bildirib. Nazir bildirib ki, bu vacibdir, belə ki, pasient bir neçə gün əvvəl Ekvatorial Qvineyadan gəlib.

Qeyd edək ki, adı çəkilməyən şəxsin yüksək temperaturu qalxdıqdan sonra o özü könüllü olaraq həkimə müraciət edib.

Xatırladaq ki, daha əvvəl ABŞ-da Ebolaya yoluxan tibb bacısı ilə birgə təyyarədə uçan 132 sərnişin axtarıldığı xəbəri verilmişdi.

ÜST təxmin edir ki, 22 milyondan çox insanın yardıma ehtiyacı var və hazırkı yayılmanı məhdudlaşdırmaq üçün 1 milyard dollar lazımdır.

Bu arada Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, Ebola virusundan ölənlərin sayı 4447-yə çatıb. Virusa qeydə alınmış yoluxma halları isə 9 minə çatmaq üzrədir.

Ümumdünya Səhiyyə Təşkilatının direktorunun müavini Brüs Aylvard deyib ki, Ebola xəstəliyinə qeydə alınmış yoluxma hallarının sayı hazırda 8914-ə çatır. Röyters xəbər agentliyi Brüs Aylvarda istinadən bildirib ki, bu rəqəmin bu həftənin sonunadək 9 minə çatacağı gözlənilir.

ABŞ səhiyyə rəsmiləri isə digər ölkələri Ebola xəstələrinə qulluq edilməsi üsullarını nəzərdən keçirməyə çağırıb.

Ebola bir çox hallarda ölümlə nəticələnən ciddi infenksiya xəstəliyidir. Virusun müxtəlif ştammlarına yoluxma 50 faizdən 90 faizədək hallarda xəstənin ölümü ilə nəticələnir.

Ebola virusunun ilk yayılma halı 1976-cı ildə Konqo Demokratik Respublikasının Ebola çayı ətrafında qeydə alınıb.

Virus xəstə adamın qan, qusuntu, ishal, bədəndaxili mayelər, dəri cildinin bütövlüyünün pozulması, ağız və burnu ilə təmas vaxtı ötürülür.
O həmçinin, sidik və spermada ola bilər.

Xəstənin paltarı, çamaşırı və toxunduğu səthlərdəki virus yalnız təmasda olan şəxsin dəri cildinin bütovlüyünün pozulduğu halda ötürülə bilər.
Xəstəlik qrip kimi hava vasitəsilə ötürülmür və yoluxma yalnız virus daşıyıcısı ilə bilavasitə yaxın təmasla baş verir.

Xəstəliyin ilk simptomları özünü göstərənə kimi 21 günədək vaxt keçə bilər. Bu müddət ərzində virus yoluxucu deyil. İlk simptomlar qəfil qızdırma, əzələ ağrıları, halsızlıq, baş və boğaz ağrısıdır. Bunun ardınca qusma, ishal, bədəndə səpki, xarici və daxili qanaxma başlaya bilər. Qanaxmaya xəstənin gözü, diş əti, burnu və ishalında rast gəlinir.

Bədəndəki susuzlaşma və müxtəlif daxili orqanların funksiyalarının pozulması ölümün əsəs səbəbi ola bilər.

Hazırda virusun qarşısını almaq üçün heç bir çarə mövcud deyil.

Susuzlaşmanın qarşısını almaq üçün ağır xəstələrə təcili damardaxili maye inyeksiyaları verilməlidir.

Onlar başqa xəstələrdən təcrid olunmalı və intensiv baxım altına alınmalıdır.

Potensial vaksinlər sınaqdan keçir. Onlar uğurlu olduğu təqdirdə vaksinlər ilk növbədə tibb işçilərinə veriləcək.

ZMapp kimi eksperimental dərmanlardan istifadə edilib. Lakin onlar xəstələrin hamısını qurtara bilməyib.

Sağ qalan xəstələrin qanının köçürülməsi də potensial müalicə üsulu kimi istifadə olunub.

Risk altında kimlərin olduğunu düşünsək, bilməliyik ki, Ebola pasientlərilə yaxın təmasda olanların hamısı risklə altındadır.

Xəstələri müalicə edən tibb işçiləri bütün bədəni örtən qoruyucu geyim və gözlükdən istifadə edirlər. Buna rəğmən yüzlərlə adam ölüb.

Xəstənin ailə üzvləri də risk kateqoriyasına aid edilir. Qərbi Afrika ölkələrində mərhuma toxunmaq və sarılmaq adəti var və cəsəd dəfn olunmazdan öncə yuyulur.

Ölümdən sonra bədəndəki virus hələ də təhlükəli qalır. Hazırda əhalini çevik və təhlükəsiz dəfnlərə səsləyirlər.







































































DOSTLARINLA PAYLAŞ:

oyunlar