«Zəfər Turniri»nə start verilib
30 May 2009 Şənbə 09:30
Türkiyədə keçirilən yarışın ilk günündə Azərbaycan güləşçiləri 2 qızıl, 3 bürünc medal qazanıblar

 

Mayın 29-da Türkiyənin İzmir şəhərində yeniyetmələr arasında Yunan-Roma və sərbəst güləş üzrə sayca 12-ci beynəlxalq «Zəfər Turniri»nə start verilib. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 17 ölkədən 400-ə yaxın idmançının iştirak etdiyi yarışın ilk günü Azərbaycan idmançıları 5 medal qazanıblar. Güləşçilərmiz «Zəfər Turniri»nin ilk günü 2 qızıl, 3 bürünc medala yiyələnib. Böyük məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında çıxış edən sərbəst güləşçilərimizdən 54 kq-da Toğrul Əsgərov keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq turnirin çempionu olub. Güləşçimiz final görüşündə Gürcüstan təmsilçisi Zurab Yakovaşvilini məğlub edib. 42 kq-da çıxış edən Mircəlal Həsənzadə isə bürünc medala layiq görülüb.

Yunan-Roma güləşçilərimiz də yarışa uğurla başlayıblar. Böyük məşqçi Bəhram Mürvətovun 3 yetirməsi mükafatçılar sırasına düşüb. 69 kq-da Toğrul Yunuslu ardıcıl qələbələr sayəsində finala çıxıb və həlledici görüşdə gürcüstanlı Laşa Dobadze üzərində qələbə qazanaraq çempion olub. 42 kq-da çıxış edən İlqar Cəfərzadə və 54 kq-da yarışan Tahir Niftəliyev isə turniri bürünc medalla başa vurublar. Mayın 30-u və 31-də digər çəki dərəcələrində yarışan idmançılarımız döşək üzərinə çıxacaqlar. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar