Sabah Azərbaycan Kubokunun ilk matçları keçiriləcək
16 Sentyabr 2009 Çərşənbə 22:45
1-ci divizionda yer alan 8 klub mübarizəyə qoşulacaq
Sabah futbol üzrə Azərbaycan kuboku uğrunda yarışlara start veriləcək. Əvvəlcə 1-ci divizionda yer alan 8 klub mübarizəyə qoşulacaq.

3 illik fasilədən sonra ölkə futboluna qayıtmış Gəncənin eyni adlı kollektivi doğma meydanda paytaxtın "Rəvan" klubunu qəbul edəcək. Bu görüşün baş hakimi Elnur Muradov olacaq. Ötən mövsüm Premyer Liqada mübarizə aparmış MOİK klubu "Şəfa" stadionunda Neftçi İdman Sağlamlıq Mərkəzinin komandası ilə üz-üzə gələcək.

2008-2009-cu il mövsümündə Premyer Liqada yarışmış digər klub, paytaxtın "Bakılı" komandası isə İmişlidə "MKT-Araz"ın qonağı olacaq.

Neftçala şəhər stadionunda isə Rasim Məmmədovun idarəçiliyi ilə "Anşad-Petrol"la Qusarın "Şahdağ" kollektivi münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, bütün oyunlar saat 17.00-da başlayacaq.









DOSTLARINLA PAYLAŞ:

oyunlar