Premyer Liqaya yekun vurulacaq
17 May 2009 Bazar 10:15
Çempionatın lideri "Bakı" "Muğan"ı məğlub edəcəyi təqdirdə Azərbaycan çempionu adını qazanacaq

 

Futbol üzrə Azərbaycan Premnyer Liqasının 2008/09 mövsümünün sonuncu XXVI turu start götürüb. İlk oyun günü iki qarşılaşma baş tutub. “Xəzər-Lənkəran” öz meydanında Zaqatalanın “Simurq” klubunu qəbul edib, qarşılaşma Lənkəran təmsilçisinin 3-1 hesablı qələbəsi ilə başa çatıb. “Xəzər-Lənkəran”a qələbə qazandıran qolları matçın 23-cü dəqiqəsində 11 metrlik cərimə zərbəsindən İvan Çvetkov, 15 və 65-ci dəqiqələrdə isə Romulo Vilvano Silva “Simurq”un qapısına vurub. Zaqatala təmsilçisinin yeganə qoluna isə qarşılaşmanın 85-ci dəqiqəsində Vladimir Mazyar imza atıb. Bu qələbədən sonra xalını 50-yə çatdıran “Xəzər-Lənkəran” turnir cədvəlində 4-cü pilləyə yüksəlib, “Simurq” isə çempionatı 53 xalla 3-cü pillədə tamamlayıb. Lənkəran təmsilçisinin çempionatı 4-cü pillədə başa vurması bu gün keçiriləcək “Karvan”-“Qarabağ” matçından sonra məlum olacaq. Bu matçda “Qarabağ” qələbə qazanarsa, xalını 51-ə yüksələdəcək ki, bu da “Xəzər-Lənkəran”ı 5-ci pilləyə endirəcək. Günün digər matçında isə “Standard”la MOİK qarşılaşıb. Bu qarşılaşma isə “Standard”ın 2-1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan Premyer Liqasının 2008/09 mövsümünə bu gün keçiriləcək  5 qarşılaşma ilə yekun vurulacaq. Azərbaycan çempionluğunun kimliyinə də bu gün keçiriləcək qarşılaşmalardan sonra aydınlıq gələcək. 59 xalla turnir cədvəlinə başçılıq edən “Bakı” bu gün “Muğan”ı məğlub edəcəyi təqdirdə Azərbaycan çempionu adını qazanacaq. 58 xalla “Bakı”nı izləməkdə davam edən “İnter” isə sonuncu turda “Bakılı” ilə qarşılaşacaq. Premyer Liqanın XXVI turu çərçivəsində bu gün keçiriləcək qarşılaşmaların təqvimini diqqətinizə çatdırırıq:


17 may, bazar

"Qəbələ" - "Turan"
Qəbələ şəhər stadionu, 18.00

"Bakı" - "Muğan"
Tofiq Bəhramov adına Respublika Stadionu, 18.00

"Olimpik" - "Neftçi"
"Şəfa" stadionu, 18.00

"Bakılı" - "İnter"
Zabrat qəsəbə stadionu, 18.00

"Karvan" - "Qarabağ"
Yevlax şəhər stadionu, 18.00

/ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar