Mixael Ballak: “Azərbaycan yığması ilə oyun çətin keçəcək”
11 Avqust 2009 Çərşənbə Axşamı 17:35
“Azərbaycanla oyuna ciddi yanaşdığımızdan, Bakıya qarşılaşmadan iki gün əvvəl gəlmişik. Bilirik ki, rəqibimiz çox az qol buraxır”.
Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının meneceri Oliver Birhoff deyib.

Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan - Almaniya oyununa həsr olunan mətbuat konfransında iştirak edən mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: “Bakıda ilk gün yüngül məşq etdik. Bu gün isə əsas hazırlıq olacaq. Məhz burada Miroslav Klozenin sabahkı görüşdə oynayıb-oynamayacağı bilinəcək. Heyətə gəlincə onu deyə bilərəm ki, sabah eksperiment olmayacaq. Qapıda da Enke dayanacaq”.

Birhoffun fikrincə, Azərbaycan futbolunu dünyaya almaniyalı baş məşqçi Berti Foqts tanıtdırır: “Orta məktəbdə də yaxşı oxumuşam. Azərbaycan haqqında az-çox məlumatım var. Amma futbolunuz haqda eşitməmişdim. Berti Foqts futbolunuzu da dünyaya tanıtdı. Onun rəhbərliyi altında oynamışam. Məhz Foqts məni komandasına kapitan qoyub”.

Mətbuat konfransında iştirak edən Almaniya yığmasının kapitanı Mixael Ballak oyunun çətin keçəcəyini bildirib: “Azərbaycanla oyunun çətin keçəcəyini bilirəm. Ən əsası səhv etməməyimiz, xal itirməməyimizdir. Berti Foqts Almaniya yığmasında işlədiyi vaxt mən heyətdə yer alırdım. Lakin məşq etməklə kifayətlənirdim. Çünki komanda güclü futbolçulardan təşkil olunmuşdu və buna görə əsas heyətə düşə bilmirdim”. Bir müddət öncə zədə almış Ballak artıq sağaldığını, sabahkı oyuna hazır olduğunu vurğulayıb.

Həmçinin, Almaniya milli komandasının müdafiəçisi Per Mertezaker də fikirlərini bölüşüb: “Azərbaycan yığmasına qol vurmaq çox çətindir. Bu səbəbdən işimiz ağır olacaq. Meydanın vəziyyəti əladır. Bizim yaxşı yarımmüdafiə xəttimiz var. Üstəlik müdafiə xətti də çox güclüdür. Bütün bunlar istəyimizə çatıb qələbə qazanmağa kifayət etməlidir”.

Qeyd edək ki, Azərbaycan - Almaniya matçı sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar