İdmançımız Natavan Qasımova İtaliyanın adlı-sanlı klubuna transfer olundu
29 Yanvar 2011 Şənbə 11:10
Natavan Qasımova “Skovolini” ilə razılığa gəlib.
Voleybol üzrə Azərbaycan yığma komandasının üzvü Natavan Qasımova karyerasını İtaliyada davam etdirəcək. Voleybolçumuz İtaliyanın ən adlı-sanlı klublarından olan “Skovolini” (Pezara) ilə razılığa gəlib. ANS PRESS-in İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Natavan Qasımova bu gün İtaliyaya gedəcək. Ancaq onun bu gün İtaliya çempionatında baş tutacaq “Skovolini” – “Modena” matçında iştirakı gözlənilmir. Natavan Qasımovanın yeni klubunda debütü fevralın 3-də Çempionlar Liqası turniri çərçivəsində baş tutacaq “Dinamo” (Moskva) ilə görüşdə baş tutacaq.

Voleybolçumuz “Skovolini” klubuna transfer olunmağı ilə bağlı fikirlərini bildirib: “Hər bir voleybolçunun arzusudur ki, belə bir klubda oynasın. “Skovolini” kimi ənənələri olan kluba transfer olunduğuma görə xoşbəxtəm. İlk növbədə Azərbaycanın voleybol üzrə yığma komandasının baş məşqçisi Faiq Qarayevə mənə voleybol oynatmağı öyrətdiyinə və transferimə şərait yaratdığına görə təşəkkür edirəm. “Skovolini”nin yeni prezidenti Cankarlo Sorbiniyə də təşəkkür edirəm ki, o, mənim transferimə razılıq verib. Səbirsizliklə yeni klubumun rəhbərliyi və komanda yoldaşlarımla görüşü gözləyirəm”.

Natavan Qasımova həmçinin kumiri Eleonora Lo Byankonun ölkəsində çıxış edəcəyinə görə də çox sevindiyini bildirib. O, bu komandanın bir hissəsi olacağına görə qürur duyduğunu da vurğulayıb.

Xatırladaq ki, Natavan Qasımova 1985-ci il iyulun 8-də doğulub. Onun 178 sm boyu var. Voleybolçumuz solaxaydır. O, 2004-cü ildə “Azerrail” klubunun tərkibində İspaniyanın Tenerife şəhərində “Dördlər finalı”nda oynayıb. Həmçinin voleybolçu 2005-ci ildə yığma komandamızın heyətində Avropa çempionatında 4-cü yeri tutub. N. Qasımova 2006-cı ildə isə Yaponiyada keçirilən Dünya çempionatında da iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar