Cüdoçularımız Rusiyaya yollanırlar
29 May 2009 Cümə 09:20
“Böyük Dəbilqə” tunrirində iştirak edəcək cüdoçularımız artıq məşqlərini başa çatdırıblar

 

Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək cüdoçularımız artıq bu gün səfərə yola düşəcəklər. Bu yarışda ölkəmizin idman şərəfini iki cüdoçu qoruyacaq. 72 kq çəki dərəcəsində Elçin Qasımov qalib adı uğrunda yarışacaq. Elxan Rəcəbli isə ağırlığı 81 kq olan cüdoçular arasında yarışacaq. Mayın 30-da start götürəcək turnir 2 gün davam edəcək. Bundan sonra cüdoçularımız Rusiyanın digər şəhərinə üz tutacaqlar. Podolsk şəhərində keçiriləcək təlim-məşq toplanışına daha iki idmançımız qoşulacaq. Elxan Məmmədov və Elnur Məmmədli Rusiyaya iyun ayının 1-də yola düşəcəklər. Sonra isə cüdo üzrə milli komandamız Rumıniyaya gedəcək. Cüdoçularımız Rumıniyada keçiriləcək Dünya kubokunda mübarizə aparacaqlar. İyun ayının 5-7-si aralığında keçiriləcək yarışda ölkəmizi Elçin Qasımov, Elxan Məmmədov və Elnur Məmmədli təmsil edəcək.

Elnur Məmmədlinin Moskvada keçiriləcək  “Böyük Dəbilqə” turnirində iştirak etməməsini isə milli komandanın məşqçisi Ağayar Axundzadə belə izah edib: “Elnurun onurğa sütununda zədəsi var idi. Ona görə də ona istirahət vermişik. Müalicəsi tam bitdikdən sonra nəticə məşqlərdə  bilinəcək. Hal-hazırda məşq edir. Bildiyiniz kimi yanvar ayından Yaponiyada, Almaniyada və Fransada təlimlərdə iştirak edib və bu yaxınlarda Masallıda təlim-məşqdən sonra ilk dəfə olaraq 81 kq-da Dünya kubokunda iştirak edəcək”.

Baş məşqçi onu da əlavə edib ki, Rumıniyada keçiriləcək Dünya kubokundan sonra da cüdoçularımız boş dayanmayacaqlar. Belə ki, iyun ayının 14-dən 26-na qədər komanda Fransada Braziliya, Özbəkistan və Koreya idmançıları ilə birgə növbəti təlim-məşq toplanışı keçirəcək. İyunun 26-da isə gənclərdən ibarət milli komandamız Türkiyəyə yollanacaq. Gənc cüdoçularımız İstanbulda iyun ayının 29-na qədər davam edəcək “Boğaziçi” turnirində iştirak edəcəklər. Komandamız vətənə iyun ayının 30-da dönəcək. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar