Azərbaycan güləşçiləri daha iki medal qazandılar
25 Sentyabr 2009 Cümə 00:50
Yuliya Ratkeviç Azərbaycana qızıl, Sona Əhmədli isə gümüş medalla qayıdacaq
Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə dünya çempionatında ötən gün qadın güləşçilərin mübarizəni davam etdiriblər.
55 kq çəki dərəcəsində Sona Əhmədli Alyona Filipova (Belarus) üzərində qələbə qazanıb. Xanım güləşçimiz 1/4 final görüşündən də qalib ayrılıb. O, İtaliya təmsilçisi Valentina Minguzzini məğlub etməklə yarımfinala çıxıb. Sona Əhmədlini final yolunda rəqibi Tatyana Suares olub. Həmvətənimiz ABŞ təmsilçisinin də kürəyini yerə vuraraq finala yüksəlib. O, qızıl medal uğrunda yapon Saori Oşida ilə mübarizə aparsa da, həlledici qarşılaşmada uduzaraq, gümüşlə kifayətlənib.
59 kq çəki dərəcəsində müğarizə aparan həmyerlimiz Yuliya Ratkeviçin isə ilk rəqibi Braziliya güləşçisi Joyse Silva olub. İdmançımız xal hesabı ilə rəqibini məğlub edib. O, yarımfinala çıxmaq üçün ABŞ təmsilçisi Deanra Rikslə qüvvəsini sınayıb. 4:3 hesablı qələbə ilə rəqibini məyus edən Yuliya növbəti mərhələyə yüksəlib. Onun yarımfinaldakı rəqibi macar Marianna Sastin olub. Ratkeviç bu dəfə də rəqibinə heç bir şans verməyib. Həmyerlimiz dünya çempionu adını qazanmaq üçün Polşa təmsilçisi Agata Pietrzakla qarşılaşıb. O, polyak güləşçiyə qalib gələrək, dünya çempionatının qızıl medalına sahib çıxıb.
63 kq çəki dərəcəsində Olesya Zamulayanın çıxışı uğursuz alınıb. O, ilk cəhdində Yaponiya təmsilçisi Mio Nişimakiyə məğlub olub. Olesyanın rəqibi finaladək irəlilədiyindən həmyerlimiz təsəlliverici görüşlərə qatılıb. Güləşçimiz burada ilk rəqibi almaniyalı Stefani Stuberi məğlub edib. Növbəti cəhddə qazaxıstanlı Bena Şalyaginaya uduzan güləşçimiz bürünc medala sahib çıxa bilməyib.
Bu gün isə daha 2 pəhləvanımız - Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanova (72 kq) mübarizəyə qoşulacaqlar.
Xatırladaq ki, dünya çempionatının 3 gününün yekunlarına görə, qadın güləşçimiz Mariya Stadnik (48 kq) qızıl, sərbəst güləşçilərimizdən Zəlimxan Hüseynov (60 kq), Xetaq Qazyumov (96 kq) və Çamsulvara Çamsulvarayev (74 kq) gümüş, Şərif Şərifov (84 kq) bürünc medal qazanıb.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar