Atletlərimiz futbol stadionlarında məşq edir
08 Sentyabr 2009 Çərşənbə Axşamı 16:10
Ç.Hüseynzadə: “Ölkəmizdə normal stadion yoxdur”
Bu gün Gənclər və İdman nazirliyində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Yüngül Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə tədbir keçirib.

Ç.Hüseynzadə Ramil Quliyev istisna olmaqla, atletlərimizin beynəlxalq turnirlərdə çıxış etməməsinə münasibətini bildirib. O, Azərbaycanda yüngül atletlərimizin normal məşq etmələri üçün stadionun olmadığını vurğulayıb. “Yüngül atletlərimiz futbol oyunları keçirilən stadionlarda məşq edə bilməzlər. Əks halda futbol oyunları keçirilən meydança yararsız hala düşəcək. Yüngül atletikanın disktullama və çəkicatma yarışları üçün böyük əraziyə malik meydançalar olmalıdır. Ölkəmizdə isə belə stadionlar yoxdur.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ramil Quliyevin Dünya çempionatında yarımfinalda parlaq çıxışdan sonra, finalda 8 atlet arasında 7-ci yeri tutmasına alqışlayıb.

Qeyd edək ki, Ramil 1-ci qaçış cığırında yarışmaq hüququnu kompüter vasitəsilə qazanıb. Ç.Hüseynzadə deyir ki, 1-ci qaçış cığırında yarışan atlet əvvəlcədən məğlubiyyətə məhkumdur. Belə ki, əvvəllər ən zəif qaçışçıları 1-ci cığıra salırdılar. İndi isə qaçış cığırlarında mübarizə aparan idmançıları kompüter müəyyən edir.

Ç.Hüseynzadə etiraf edib ki, Ramilin 1-ci cığırda mübarizə aparacağını bildikdə onun müsbət nəticə göstərəcəyinə inanmırdıq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar