Ziya Bünyadov ölümündən sonra Vətən Övladı ordeni ilə təltif edilib
24 Dekabr 2011 Şənbə 17:04
Ziya Bünyadov ölümündən sonra Vətən Övladı ordeni ilə təltif edilib. Orden mərhum tarixçinin həyat yoldaşı Tahirə Bünyadovaya təqdim edilib.
Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Muzeyində "Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının məşhur Azərbaycan tarixçisi, görkəmli elm xadimi, akademik Ziya Bünyadovu ölümündən sonra "Vətən Övladı" ordeni ilə təltif etməsi münasibətilə mərasim keçirilib. Trend-in məlumatına görə, "Vətən Övladı" qızıl ordeninə cəmiyyətin ən yaxşı nümayəndələri layiq görülürlər. Müxtəlif illərdə bu ordenlə Azərbaycan, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və başqa ölkələrin elm, mədəniyyət, ictimai-siyasi xadimləri və biznes nümayəndələri mükafatlandırılıblar.
Bu mükafat Ziya Bünyadova türk dünyası üçün əvəzedilməz xidmətlərinə və Azərbaycan tarixini dərindən araşdıraraq, həqiqətləri ortaya çıxardığına, tariximizin inkişafında fədakar fəaliyyətinə görə verilib.
"Vətən Övladı" ordeni mərhum tarixçinin həyat yoldaşı Tahirə Bünyadovaya təqdim edilib. Tahirə xanım mükafata və həyat yoldaşının fəaliyyətinə yüksək qiymət verilməsinə görə Fondun prezidenti Eldar İsmayılova, Ağsaqqallar Ali Şurasına və "Azərbaycan Dünyası" Beynəlxalq jurnalının kollektivinə təşəkkür edib.
DOSTLARINLA PAYLAŞ: