Zirə adasında möhtəşəm kurort
07 Aprel 2009 Çərşənbə Axşamı 13:35
Təqribi qiyməti 4,5 milyard dollar olan layihənin həyata keçirilməsi 6-8 il müddətinə nəzərdə tutulub

 

Bu gün Xəzər dənizində yerləşən Zirə adasında (Nargin) həyata keçiriləcək möhtəşəm layihənin təqdimatı olub. ANS PRESS-in məlumatına görə, layihə “Yeddi zirvə” konsepsiyası əsasında hazırlanıb. Belə ki, adada tikiləcək 7 binanın hər biri Azərbaycanın məşhur dağlarından birini simvollaşdıracaq.

Təqdimat mərasimində çıxış edən layihənin müəlliflərindən  biri danimarkalı memar Kai-Uwe Bergman bildirib ki, adada yaşayış binalarından əlavə 300 villa və 4-5 ulduzlu 7 otel tikiləcək. Layihə on min nəfərin yaşaması üçün nəzərdə tutulub və 1 mln. kvadrat metr sahəni əhatə edir. Adada tamamilə külək enerjisindən istifadə olunacaq. Belə ki, burada yaşayanların təlabatlarını ödəmək üçün 17 ədəd külək dəyirmanın inşası nəzərdə tutulub.
Bakı şəhərindən adaya birbaşa olaraq üç nəqliyyat növü fəaliyyət göstərəcək, bunlardan biri gəmi-taksilər, digəri helikopter olacaq. Digər nəqliyyat növü isə açıqlanmayıb.

Layihənin sifarişçi «Avrositi» şirkətinin vitse-prezidenti Oğuz Erkan ANS PRESS-ə açıqlamasında bildirib ki, hətta gələcəkdə Bakıda bu gəmi-taksilərin istehsal olunması da nəzərdə tutulub. Adadan birbaşa Heydər Əliyev hava limanına da çıxış olacaq. Bu əlaqə isə xüsusi helikopterlər vasitəsi ilə həyata keçiriləcək.
İlkin qiyməti 4-4,5 milyard dollar olan layihənin həyata keçirilməsi isə 6-8 il müddətinə nəzərdə tutulub.
Adanın daha bir maraqlı cəhəti isə burada benzinlə işləyən avtomobillərin olmamasıdır. Belə ki, elektriklə işləyən avtomobillər xüsusi vasitələrlə topladıqları enerji ilə hərəkət edəcək.
Azərbaycanda turizmin inkişafına fürsət yaradacaq adada istifadə edilən sular belə hədər getməyəcək. Onlar təmizlənərək suyun yenidən emalı zavoduna yönəldiləcək və suvarma işləri üçün yenidən istifadə olunacaq. İçməli su qismində isə Xəzər dənizinin suyundan istifadə ediləcək. Su axşamlar küləkdən alınan enerji vasitəsi ilə təmizlənib, səhərlər əhalinin istifadəsinə veriləcək.
Layihə hazırlanarkən adanın Azərbaycan tarixindəki rolu da nəzərə alınıb. Belə ki, burada həlak olanların xatirəsi adanın mərkəzində inşa ediləcək parkda əbədiləşdiriləcək və orada abidə ucaldılacaq. Adada tikinti işlərinə yaxın bir il ərzində başlanması planlaşdırılır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar