ARDNŞ rəhbərliyinin təşəbbüsü ilə hər il olduğu kimi, bu il də Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri Heydər Əliyevin doğum günü ərəfəsində bu xəstəxanada və bir sıra regional müalicə-diaqnostika mərkəzlərində humanitar aksiyalar keçirməyi planlaşdırırlar. Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi Səhiyyə Departamentinin rəisi Fuad Əlizadənin verdiyi məlumat görə, mayın 10-dək Naxçıvan Muxtar Respublikasının Müalicə-Diaqnostika Mərkəzində (MDM) xəstəxananın yüksək ixtisaslı tibb mütəxəssisləri tərəfindən endoskopik, göz, ümumi cərrahiyyə əməliyyatlarının, diaqnostik müayinələrin və konsultasiyaların aparılması, Zaqatala MDM-də açıq ürək əməliyyatlarının, Mərkəzi Neftçilər Xəstəxanasında yaradılmış insan orqan və toxumalarının transplantasiyası şöbəsində isə qaraciyər və böyrək köçürülməsi əməliyyatlarının keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, bu il aprelin 21-22-də şimal bölgəsində ilk dəfə olaraq Qəbələ Müalicə-Diaqnostika Mərkəzində ARDNŞ-in maliyyə vəsaiti ilə 3 xəstə üzərində açıq ürək əməliyyatı həyata keçirilib./ANS PRESS/