Yol polisi sürücülərdən sığorta şəhadətnaməsi tələb edəcək
02 Mart 2012 Cümə 18:24
Son zamanlar avtomobillərin mülki məsuliyyətin icbari sığortası olmadan idarə edilməsi halları artıb.
Bakıda yol polisi saxlanılacaq nəqliyyat vasitələrinin sahiblərindən avtomobilin sığorta şəhadətnaməsini tələb edəcək. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, son zamanlar avtomobillərin mülki məsuliyyətin icbari sığortası olmadan idarə edilməsi halları artıb.

Bölmə rəisinin sözlərinə görə, yol polisi əməkdaşları tərəfindən saxlanılacaq hər bir avtomobilin sürücüsündən digər sənədlərlə bərabər, sığorta şəhadətnaməsi də tələb olunacaq. İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinin tələbinə görə, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 10 manat miqdarında, vəzifəli şəxslər 60 manatdan 80 manatadək, hüquqi şəxslər 150-200 manatadək cərimə edilir.

Yeni xidmət növü 1 yanvar 2012-ci ildən etibarən “İcbari sığortalar haqqında” qanunun qüvvəyə minməsi ilə bağlıdır. Bu qanun nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daha əhatəli və effektiv sistemi nəzərdə tutur.

Mühərrikin həcmindən asılı olaraq, avtomobilin sığorta məbləği fiziki şəxslər üçün 50-250 manat, hüquqi şəxslər üçün isə 60-300 manat civarında dəyişir. Qanuna əsasən, hər bir sığorta hadisəsinə görə maksimal kompensasiya məbləği 50 000 manat təşkil edir.
Azərbaycanda avtomobillərin icbari sığortası “Paşa Sığorta”, “Atəşgah Sığorta”, “Ata Sığorta”, AXA MBASK, “Xalq Sığorta”, “Standard Insurance”, “AzSığorta” və “Alfa Sığorta” şirkətləri tərəfindən aparılır.

Qeyd edək ki, bu ilin yanvar və fevral aylarında Bakıda yol polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan 41200-dən artıq sürücü barəsində inzibati protokol tərtib edilib. Bu müddətdə 400-dən artıq sürücü nəqliyyat vasitəsini sığorta etdirmədiyi üçün inzibati məsuliyyətə cəlb edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar