Xəzri xaması və Moskvicin yağının satışı qadağan edilib
18 Noyabr 2011 Cümə 11:54
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi 9 ünvanında fəaliyyət göstərən “Xəzri” MMC-yə məxsus süd məhsulları istehsalı sexində dövlət nəzarəti aparılıb.
Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, araşdırma zamanı müəssisədə istehsal olunan 15%-li xamanın və yüngülləşdirilmiş marqarin yağının istehsalına şərait olmadığı, heç bir texnoloji təlimat və reseptura olmadan məhsul istehsal edildiyi müəyyən edilib. Eyni zamanda istehsal sahəsində istifadəyə yararsız, gigiyenik baxımdan çirklənməyə səbəb olan çoxlu sayda avadanlıqların saxlanıldığı, havalandırma sistemi olmadığından sexin tavanında buxarlanmadan əmələ gələn su damcılarının istehsal zamanı məhsulların üzərinə düşdüyü, həmçinin sexdə çalışan işçilərin sadə gigiyenik norma və qaydalara riayət etmədikləri aşkar olunub.
Müəssisə istehsal etdiyi yüngülləşdirilmiş marqarin yağının etiketinin üzərinə “sadəcə yüngülləşdirilmiş yağ” yazaraq və inək südündən hazırlanmasına işarə olan reklam xarakterli inək şəkli vurmaqla “Yeyinti məhsulları haqqında” qanunun tələblərini pozaraq istehlakçıları aldadıb.
Götürülmüş məhsul nümunələrinin sınaqlarının ilkin nəticələrinə əsasən müəssisənin istehsal etdiyi 15%-li xamanın tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar normadan çox aşkar edilib. Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar “Xəzri” MMC-yə 1/140 qr olan 700 ədəd “Moskvicin” nişanlı yüngülləşdirilmiş marqarin yağının və 1/160 qr olan 1350 ədəd 15%-li xamanın satışını qadağan edən tələbnamə verilib.
DOSTLARINLA PAYLAŞ: