Xarici ölkələr Azərbaycanda 92 məscid tikib
06 May 2009 Çərşənbə 13:30
Müstəqilik əldə edəndən sonra Azərbaycanda xarici ölkələr tərəfindən 92 məscid tikilib.
APA-nın məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Milli Məclisin İnsan haqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin müzakirəsi zamanı bildirib. H. Orucov deyib ki, məscidlərin 63-ü Küveyt, 24-ü Türkiyə, 1-i Qətər, 1-i İran İslam Respublikası, 3-ü isə Səudiyyə Ərəbistanı tərəfindən inşa edilib. Onun sözlərinə görə, təkcə Türkiyənin 6 İmamı bu məscidlərə təmsilçi kimi fəaliyyət göstərir, qalan ölkələrin isə burada təmsilçisi yoxdur: “Ümumilikdə isə Azərbaycanda 1750 məscid var. Onlardan 150-si müvəqqəti, 800-ü isə daimi fəaliyyət göstərir”.

Komitə sədri Azərbaycanda bu gün müəyyən gizli dini meyllərin olduğunu da qeyd edib: “Radikal ənənələri Azərbaycanda yaymaq meyləri hiss olunur. Bunlar çox kiçik qruplardır, təsir gücləri yoxdur. Onlara qarşı mübarizə aparılır. Artıq Azərbaycan cəmiyyəti də xurafatdan uzaqlaşır. Azərbaycanda dini durum kifayət qədər sabitdir. Bu, bütün dünyada qeyd olunur. Ölkədə bütün konfessiyaların nümayəndələrinin hüquqları qorunur, tolerantlıq var. Azərbaycanda yeni məscidlər tikilir, bərpa olunur”.

H. Orucov hununla yanaşı, narahatlıq doğuran məqamların da olduğunu deyib. Komitə sədri bildirib ki, xaricidən maliyyələşdirilən bəzi icmalar dövlət qeydiyyatına alınmaqda maraqlı deyil: “Əgər onlar qeydiyyata alınsalar, məcbur olub nizamnamə əsasında işləməlidirlər. Onlar isə bunda maraqlı deyillər. Belələri təəssüf ki, özlərini icma adlandırırlar, halbuki qrupdurlar. Onlar həm İslam, həm də qeyri-islam təmayüllüdürlər. Bu qrupların məqsədi ölkədə dini sabitliyi pozmaqdır. Bəzən onların fəaliyyəti ailələrin dağılmasına da gətirib çıxarır. Bizdə belə faktlar var. Məsələn, ailə başçısı, “Yəhovanın şahidi”dirsə, ailənin digər üzvlərini də öz dini əqidəsinə tabe olmağa məcbur edir. Belə icmalar arasında İslam təmayüllü icmalar da var”.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar