Uşaq Nevroloji Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib
27 Dekabr 2011 Çərşənbə Axşamı 18:04
Uşaq Nevroloji Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni istifadəyə verilmiş xəstəxana ilə tanış olublar.
Bu gün Bakıdakı Uşaq Nevroloji Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xəstəxanada yaradılmış şəraitlə tanış olublar.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına və xanımına xəstəxana ilə bağlı məlumat verib. Bildirilib ki, Uşaq Nevroloji Xəstəxanası SSRİ məkanında ilk dəfə olaraq Azərbaycanda 1980-ci ildə istifadəyə verilib. Xəstəxananın açılış mərasimində xalqımızın ümummilli lideri Heydər Əliyev iştirak edib. Qeyd olunub ki, xəstəxananın altımərtəbəli binasında əsaslı təmir işlərinə bu ilin fevralından başlanmış, yüksək səviyyədə başa çatdırılıb.

Prezident İlham Əliyev və xanımı foyedə ulu öndər Heydər Əliyevin iştirakı ilə xəstəxananın 1980-ci ildə açılışını, eləcə də dövlət başçısının və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafındakı xidmətlərini əks etdirən fotolara baxıblar. Xəstəxananın birinci mərtəbəsində yaradılmış şəraitlə tanışlıq zamanı diqqətə çatdırılıb ki, burada poliklinika-diaqnostika, kompyuter-tomoqrafiya, ultrasəs müayinəsi, elektroensefaloqrafiya, elektrokardioqramma və digər şöbələr fəaliyyət göstərir.

Dövlət başçısı və xanımı altıncı mərtəbədə müalicə-bərpa şöbəsində yaradılmış şəraitlə tanış oldular. İkinci mərtəbədə yaradılmış şəraitlə tanış olan prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya bildirilib ki, burada əsasən ağır xəstəliklərin müalicəsi üçün müasir kardiomonitor, süni tənəffüs aparatı, defibrillyator və sair avadanlıq quraşdırılıb.

Xəstəxanadakı müasir tələblərə cavab verən bütün avadanlıq İtaliya, Türkiyə, Yaponiya istehsalıdır. Xəstəxanada yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı tapşırıq və tövsiyələrini verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar