Ukraynada 20-24 may tarixlərində Azərbaycan Mədəniyyəti günləri keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycandan Ukraynaya yola düşən 80 nəfərlik nümayəndə heyətinə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev rəhbərlik edib. Rəsmi nümayəndə heyətinin tərkibinə nazirliyin aparat rəhbərinin müavini Cavanşir Cəfərov, Dövlət Uşaq Filarmoniyasının direktoru Fərəh Şəkinskaya daxil olub.
Kiyev Milli Rəssamlar İttifaqında Azərbaycan rəssamlarının rəngkarlıq əsərlərindən ibarət sərgi açılıb. Sərginin ekspozisiyasında ötən əsrin 60-cı illərindən tutmuş müasir dövrümüzədək müxtəlif nəsillərdən olan rəssamların əsərləri təqdim olunub. Burda nümayiş olunan bəzi əsərlər məşhur Sotbis hərracına çıxarılacaq. İyunun 5-də isə rəssamlarımızın əsərləri Venesiyadakı Beynəlxalq Müasir İncəsənət Biennalisində sərgilənəcək.Sonra Milli Filarmoniyada Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı və bayram konserti olub. /ANS PRESS/