"Türkiyə ilə protokollar olmasaydı, 5 rayon Azərbaycana qaytarılardı"
06 Sentyabr 2011 Çərşənbə Axşamı 11:23
Ermənistanın sabiq xarici işlər naziri Qarabağ ətrafında baş verən məsələlərdən danışıb
Türkiyə-Ermənistan protokolları olmasa idi, Ermənistan Azərbaycana 5 rayonun qaytarılmasına razı olardı. "WikiLeaks" ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviçin Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanla (1998-2008) görüşünün təfərrüatlarına dair Birləşmiş Ştatlar Dövlət departamentinə ünvanlandığı 2010-cu il 25 fevral tarixili yazışmasını ortaya çıxarıb.

Dövlət yazışmalarına əsasən, Vardan Oskanyan görüş zamanı Türkiyə ilə münasibətlərin normallaşması prosesinə görə erməni hakimiyyətini tənqid edibmiş. Keçmiş XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsi tənzimlənməyənədək Türkiyə ilə hər hansı münasibətə başlanmasını düzgün hesab etmirmiş.

Prezident Serj Sarkisyanın Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı seçdiyi üsul Oskanyanın təəccübünə də səbəb olubmuş. V. Oskanyan hesab edir ki, həllini tapması üçün daha prioritet məsələ mövcuddur- bu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ictimaiyyət və diaspora ilə dialoqun başlanmasıdır: “Ermənistan Madrid prinsiplərinə dair dəqiq mövqe formalaşdırmalıdır. S. Sakisyan ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli gedişatında bəzi ərazilərin (erməni işğalı altında olan Azərbaycan torpaqları) Azərbaycana qaytarılmasına razı salmalıdır”,- deyə Oskanyan vurğulayıb.

Sabiq erməni XİN rəhbərinin sözlərinə görə, bu, onun xarici siyasət idarəsinə rəhbərliyi dövründə planı olub: “Əvvəllcə Qarabağ münaqişəsinin həlli, daha sonra Türkiyə ilə münasibətlərin nizama salınması”.

ABŞ səfiri Mari Yovanoviçin Türkiyə ilə münasibətlərin qurulmasına dair mümkün addımların atılması ilə bağlı sualına cavab verən Oskanyan deyib ki, o, ilk addımı Türkiyənin atmalı olduğunu hesab edir. “Hələlik Qarabağ məsələsi birdəfəlik həll edilməyənədək, Türkiyə sadə erməni vətəndaşlarına sərhədlərini aça bilər. Bu da öz növbəsində iki tərəfə təkan olar”.

Amerikalı diplomatın yazısında qeyd edilib ki, Oskanyan türkiyəli diplomatlarla şəxsi söhbətlərinə əsaslanaraq qeyd edib ki, hazırkı mərhələdə Türkiyə Ermənistan münasibətlərinin yaxşılaşdırılmasına səy göstərmir.

Oskanyan bununla bağlı hesab edir ki, münasibətlərin qurulması media sahəsində və ya vətəndaş cəmiyyəti səviyyəsində başlamalıdır ki, bu da paralel olaraq prezidentlərin heç olmazsa şifahi razılığa gəlmələri üçün konfidensial görüşlərinə gətirib çıxarsın.

Bundan başqa, Oskanyan hesab edir ki, Türkiyə ilə protokolların ratifikasiya olunmasına erməni hakimiyyətinin "soyqırım" və Qarabağ məsələsində şərtlərin müzakirə edilməməsi mane olur. Bu məsələlərlə bağlı dəqiq razılaşma əldə edilmədən sənədlərin ratifikasiya olunmasını gözləmək çətindir.

Oskanyan görüşün gedişatında Qarabağ məsələsinin həllində vəziyyətin pisləşməsi haqda da danışıb.

“Azərbaycan prezidenti İlham Əliyevin mövqeyi Türkiyə Ermənistan münasibətlərinin yaxşılaşmasına kömək edə bilməz. Onlar Ermənistana iki tərəfdən təzyiq göstərir”, deyə o əlavə edib.

Oskanyanın fikrincə, burada iki məsələ bu prosesin həllini pozur: birincisi insanlar münaqişənin danışıqlar yolu ilə həllinə inanmırlar, ikincisi isə regionda hərbi balans Azərbaycanən xeyrinə pozulur. Türkiyə-Ermənistan protokolları da Qarabağ ətrafında razılaşmanın əldə edilməsinə mane olur. O deyib ki, bu protokollar olmasa idi, Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycana 5 rayonu, “DQR” adlandırılan əraziləri qaytarmağa razılaşardı, gələcək manevrlər üçünsə digər 2 rayonu saxlayardı.






DOSTLARINLA PAYLAŞ:

oyunlar