“Turizm İli” çərçivəsində Gədəbəyə iki günlük infotur təşkil edilib
12 Sentyabr 2011 Bazar Ertəsi 15:26
“Millenium” Turizm Şirkətinin direktoru Ruslan Quliyev: “Şirkətimiz tərəfindən regionlarımıza son üç ildə 18 tur təşkil edilib”
Gədəbəy. Ülkər Qasımova-APA. Azərbaycanda “Turizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Millennium” Turizm Şirkəti və “Eldorado” mehmanxanasının təşkilatçılığı ilə Gədəbəy rayonuna infotur təşkil edilib. APA-nın məlumatına görə, iki gün davam edən səfərin məqsədi turizm şirkətlərinin və KİV nümayəndələrinin iştirakı ilə Gədəbəy rayonunun turizm potensialı, mövcud infrastrukturu, əsas turizm obyektlərinin dərindən öyrənilməsi və şirkətlərlə regionda fəaliyyət göstərən istirahət komplekslərinin əməkdaşlığının təmin edilməsi olub.
Səfərin ilk günü qonaqlar əvvəlcə Gədəbəydə yeni istifadəyə verilən “Eldorado” mehmanxanası ilə yaxından tanış olublar. 3 hektar ərazidə yerləşən hotel turistlərə və iş adamlarına yüksək səviyyəli xidmət təklif edir. Burada gün ərzində 80-ə yaxın qonağa xidmət göstərmək imkanına malik olan sauna, trenajor zalı, konfrans zalı və başqa xidmət obyektləri var.
Daha sonra infotur çərçivəsində regionlarda turist xidmətinin keyfiyyətinin yaxşılaşdırılması və onun səviyyəsinin müasir standartlara çatdırılmasına dair konfrans keçirilib. Tədbirdə çıxış edən Gədəbəy rayon icra başçısı Kamran Rzazadə turizm üçün əlverişli bölgələrdən olan Gədəbəyin Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biri olduğunu vurğulayıb. Rayonun tarixi haqqında danışan icra hakimiyyətinin başçısı ərazidə olan tarixi mədəniyyət abidələrinin eramızdan əvvəl XII-VII əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olduğunu və XIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filizi yataqlarının kəşf edilməsi, eləcə də 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodunun tikildiyi barəsində məlumat verib. Daha sonra həmin zavod Almaniyanın “Simens” şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulub. Gədəbəy misəritmə zavodundan Avropa və rus mətbuatı hələ əsrin əvvəllərindən yazmağa başlayıb. Qafqazda ilk dəfə qızıl yataqlarının tapıldığını bildirən K. Rzazadə, burada ildə 1050 kiloqram qızıl çıxarıldığını və dünya bazarlarında satıldığını bildirib. O, Gədəbəydə ikinci qızıl zavodunun tikiləcəyini də açıqlıb.
Almanların hələ 1900-cü ildə Gədəbəydə tikdirdiyi binaların qorunub saxlandığını, bu ərazidə 130-dan çox tarixi abidənin olduğunu deyən “Millenium” Turizm Şirkətinin direktoru Ruslan Quliyev bu imkanların Gədəbəyə turistlərin cəlb edilməsi üçün əlverişli olduğunu qeyd edib. Təşkilatçı şirkət rəhbəri infoturun “Azərbaycanda yeni marşrutlar kəşf edək” devizi altında keçirildiyini bildirib və ilin sonunadək bu cür səfərlərin davam edəcəyini də açıqlayıb: “Tarixiliyi baxımından Gədəbəy rayonuna bu formatda ilk dəfədir tur təşkil edilir və güman edirəm ki, bu tədbirin uğurlu həyata keçirilməsi gələcəkdə bu bölgəyə daha çox turist axınına səbəb olacaq. Şirkətimiz tərəfindən regionlarımıza son üç ildə 18 infotur təşkil olunub və tək bu il ərzində 4-cü belə tədbiri keçiririk. Turizm ilinin sonunda da rəsmi hesabatlarda bu öz əksini tapacaq. Yaxın zaman üçün planlaşdırdığımız beşinci infotur Folklor Paytaxtı Lənkərana təşkil olacaq”.
İnfotur çərçivəsində “Eldorado” otelində xüsusi ziyafət gecəsi təşkil edilib. Ziyafətdə Gədəbəy aşıqlarının ifaları maraqla qarşılanıb. Ruslan Quliyev tərəfindən təşkil olunan xüsusi müsabiqədə APA-nın əməkdaşı qalibi olub. Qalibə Gədəbəy “Eldorado” otelində üç günlük istirahət kuponu verilib.
Qeyd edək ki, infoturda Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkəti əməkdaşları və KİV nümayəndələri, eləcə də Almaniya, Ukrayna və Rusiyanın Azərbaycanda olan diplomatik nümayəndələri və turistlərdən ibarət 50 nəfərlik heyət iştirak edib. Səfərin ikinci günü iştirakçılar Gədəbəy rayonunda mədəni-tarixi abidələri - “Cənnət” qala, “Qız qalası”, “Zəngi” qala, “Koroğlu” qalası və şəhərin təbiəti ilə də tanış olublar.
DOSTLARINLA PAYLAŞ: