“Turizm ili” çərçivəsində Gədəbəy rayonuna infotur təşkil olunacaq
07 Sentyabr 2011 Çərşənbə 14:12
“Turizm ili” çərçivəsində Gədəbəy rayonuna infotur təşkil olunacaq


Bakı. Ülkər Qasımova - APA-Economics. “Turizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi “Millennium” turizm şirkətinin və “Eldorado” mehmanxanasının təşkilatçılığı ilə birgə Gədəbəy rayonuna infotur təşkil ediləcək.

Nazirliyin turizm şöbəsindən APA-ya verilən məlumata görə, infotur sentyabrın 10-11-də həyata keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi “Millennium” turizm şirkətinin və “Eldorado” mehmanxanasının təşkilatçılığı ilə baş tutacaq tədbirin məqsədi turizm şirkətlərinin və kütləvi informasiya nümayəndələrinin iştirakı ilə Gədəbəy rayonunun turizm potensialı, mövcud infrastrukturu, əsas turizm obyektlərinin dərindən öyrənilməsi və şirkətlərlə regionda fəaliyyət göstərən istirahət komplekslərinin əməkdaşlığının təmin edilməsidir.

İnfotur çərçivəsində regionlarda turist xidmətinin keyfiyyətinin yaxşılaşdırılması və onun səviyyəsinin müasir standartlara çatdırılmasına dair dəyirmi masanın keçirilməsi də nəzərdə tutulur. İnfoturda Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkəti əməkdaşları və KİV nümayəndələrindən ibarət 50 nəfərlik heyətin iştirakı nəzərdə tutulub. Bundan əlavə, turizm şirkətləri və KİV nümayəndələri iki gün ərzində Gədəbəy rayonunda mədəni-tarixi abidələrlə və şəhərin təbiəti ilə də tanış olacaqlar.

Qeyd edək ki, infotur “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın və Azərbaycan prezidentinin 2011-ci il 20 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar həyata keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar