Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi və bir neçə məsul əməkdaşı işdən çıxarılıb
14 Oktyabr 2011 Cümə 17:30
Bakının 77 məktəbində tikinti və təmir zamanı nöqsanlar aşkar olunub.
Təhsil Nazirliyi məktəblərin tikintisi və əsaslı təmiri zamanı yol verilən nöqsanları açıqlayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, Baş Prokurorluğun müvafiq dövlət strukturları ilə birgə Bakı şəhərinin 77 məktəbində apardığı araşdırma nəticəsində bəzi nöqsanlar aşkar olunub. Nöqsanlarla bağlı Baş Prokurorluğun “Orta ümumi təhsil məktəblərinin tikintisi və əsaslı təmiri zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması barədə” təqdimatı Təhsil Nazirliyinə daxil olub.

Təqdimat Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərliyinin və Təhsil Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Müzakirə zamanı Bakı şəhərinin 77 məktəbində aparılan tikinti və təmir işlərində aşkar olunmuş bütün çatışmazlıqların ötən müddət ərzində Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən aradan qaldırıldığı barədə məlumat verilib.

Baş Prokurorluğun təqdimatına əsasən məktəb tikintisi və təmiri, onların istismara qəbul edilməsi sahəsində qanun pozuntularına yol vermiş bir sıra vəzifəli şəxslər barəsində Təhsil Nazirliyi tərəfindən ciddi intizam tənbehi tətbiq edilib. İşdə yol verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi və bir neçə məsul əməkdaşı tutduqları vəzifələrdən azad olunub. Təhsil Nazirliyinin bu işə məsul olan bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib.

Ümumi təhsil məktəblərinin tikintisi və təmiri üzrə tenderlərin qanunauyğun şəkildə təşkili və keçirilməsi, təmir-tikinti işlərinin aparılması üzərində nəzarəti, işlərin istismara qanunauyğun qəbul edilməsini nəzərdə tutan normativ aktların təkmilləşdirilməsi, aparılan işlərin kifayət qədər peşəkar və ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilməsinə təminat verən mexanizmin işlənib hazırlanması, təmir-tikinti işlərinin qanunauyğun şəkildə istismara qəbul edilməsi, bu prosesə məktəb valideyn komitələrinin, valideyn-müəllim assosiasiyalarının nümayəndələrinin cəlb olunması yolu ilə şəffaflığın artırılması istiqamətində zəruri tədbirlərin görülməsi ilə əlaqədar Nazirliyin aidiyyəti strukturlarına, yerli təhsil idarəetmə orqanlarına və təhsil müəssisələrinə müvafiq tapşırıqlar verilib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar