Sumqayıtda valyutadəyişmə məntəqəsi sahibinin qətli ilə bağlı rəsmi məlumat yayılıb
03 Noyabr 2011 Cümə Axşamı 19:30
Valyutadəyişmə məntəqəsinin sahibini qətlə yetirənlər barəsində həbs-qətimkan tədbiri seçilib.
Respublika Baş Prokurorluğu Sumqayıtda valyutadəyişmə məntəqəsi sahibinin qətli ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 19 sentyabr 2011-ci il tarixdə saat 21.30 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 11/5, mənzil 23-də yaşayan, 1966-cı il təvəllüdlü Vahabov İlyas Abbas oğluna yaşadığı binanın qarşısında naməlum şəxslər tərəflndən bıçaq xəsarətləri yetirilib və o, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də aldığı xəsarətlərdən ertəsi gün xəstəxanada ölüb.
Faktla bağlı sentyabrın 20-də Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Azərbaycan Respublikası Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin, Baş Prokurorluğun, Sumqayıt şəhər prokurorluğu və Sumqayıt şəhər Polis İdarəsinin birgə həyata keçirdikləri intensiv, təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ağır cinayətin Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Səlimbəyli Vaqif Etibar oğlu və 1993-cü il təvəllüdlü Əbilov Anar Cavanşir oğlu tərəfindən törədilməsi müəyyən olunub və adıçəkilən şəxslərin ikisi də tutulub.
İstintaqla müəyyən edilib ki, Vaqif Səlimbəyli İlyas Vahabovun işlədiyi valyutadəyişmə məntəqəsindən evinə gedərkən üstündə pul apardığını bilib, həmin pulu ələ keçirib aralarında bölüşdürmək barədə dostu Anar Əbilovla razılığa gələrək qabaqcadan əlbir olub sentyabrın 19-da saat 21:30 radələrində İlyas Vahabovun yaşadığı ünvana gələrək pusquda dayanıb onu gözləyiblər. Sonuncu dalana daxil olarkən Vaqif Səlimbəyli özü ilə gətirdiyi və silah qismində istifadə etdiyi bıçaqla İ.Vahabova iki zərbə yetirib. Aldığı xəsarətlərdən İ.Vahabov ertəsi gün xəstəxanada ölüb.
Vaqif Səlimbəyli və Anar Əbilov törətdikləri hərəkətlərə görə Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: