"Stil-Tekstil" MMC istehlakçıların seçmə sərbəstliyinə təsir göstərir?
20 Sentyabr 2011 Çərşənbə Axşamı 17:55
Geyim mağazasında qanunsuz reklam üsullarından istifadə edilməklə, istehlakçıların aldadıldığı müəyyən olunub
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti endirimlərin tətbiqi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı yoxlamaları davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, ev 22A ünvanında “Stil-Tekstil” MMC-yə məxsus kişi, qadın və uşaq geyimlərinin satışı mağazasında aparılan yoxlama zamanı mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə, istehlakçıların aldadıldığı müəyyən olunub.
Belə ki, mağazanın ön tərəfindəki pəncərələrdə iri hərflərlə “Bütün mallara 70% endirim” sözləri yazılsa da, mağazada satılan 10 çeşiddə kişi, qadın və uşaq geyimlərinin qiymətlərinə ümumiyyətlə endirim tətbiq edilmədiyi, 40 çeşiddə geyimlərin qiymətlərinə isə mağaza işçiləri tərəfindən endirim tətbiq olunduğu bildirilsə də, həmin geyimlərin etiketlərinin üzərində endirim barədə məlumatların qeyd edilmədiyi müəyyən olunub.
Bundan başqa, mövcud qanunvericiliyin tələblərinə zidd olaraq mağazanın satışı salonunda “Alınan mallar geri qaytarılmır” sözləri yazılmış elanının vurulduğu müəyyən edilib. Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində, mağazanın salonundan istehlakçıların hüquqlarının pozulmasına səbəb olan “Alınan mallar geri qaytarılmır” sözləri yazılmış elan yığışdırılıb, habelə mağazanın pəncərələrində yerləşdirilmiş istehlakçıların seçmə sərbəstliyinə təsir göstərməklə, istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiq reklamın yayımı dayandırılıb.
Araşdırmalar davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: