Şimali Kiprdə Azərbaycan Mədəniyyəti Gecəsi keçiriləcək
18 Aprel 2012 Çərşənbə 17:24
Gecədə tanınmış muğam ifaçısı Bəsti Sevdiyeva solo-konsertlə çıxış edəcək.
Şimali Kiprdə yerləşən və burada yeganə dövlət universiteti olan Doğu Akdeniz universitetində Azərbaycan Mədəniyyəti Gecəsi təşkil olunacaq. Universitetdən ANS PRESS-ə verilən məlumata görə, 25 apreldə təşkil ediləcək gecəyə Şimali Kiprin dövlət başçısı, millət vəkilləri, nazirlər, yerli QHT və KİV nümayəndələri dəvət olunub. Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək gecənin məqsədi Azərbaycan mədəniyyətini Şimali Kipr vətəndaşlarının və adıçəkilən universitetdə təhsil alan çoxsaylı xarici tələbələrin nəzərinə daha doğlun şəkildə çatdırmaq və milli-mədəniyyətimizi onlar arasında təbliq etməkdir.

Gecədə respublikamızın əməkdar artisti, muğamlarımızın və xalq mahnılarımızın bənzərsiz mahir ifaçısı Bəsti Sevdiyeva solo-konsertlə çıxış edəcək. “Bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzində möhtəşəm solo-konsertim baş tutdu. Bu konsertimdən sonra Şimali Kiprin Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbələr tərəfindən adıçəkilən universitetdə təşkil olunan Azərbaycanın Mədəniyyət gecəsində solo-konsertlə çıxış etməyə dəvət aldım. Belə vətənpərvər gənclərimiz bütün dünya gənclərinə örnəkdir. Əminəm ki, gənclərimizlə birgə Şimali Kipr tarixində unudulmaz bir iz buraxacaq, gecədə iştirak edən xarici qonaqlara biz azərbaycanlıların nəyə qadir olduğumuzu göstərəcəyik”, - deyə sənətkar bildirib.

Gecədə Azərbaycanın mədəniyyəti ilə bağlı tanıtım filmi nümayiş olunacaq, azərbaycanlı tələbələrin ifasında milli-rəqslərimiz göstəriləcək və Azərbaycanla bağlı şeirlər səsləndiriləcək. Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztopraq və həmin universitetin Azərbaycan Cəmiyyətinin prezidenti Elçin Süleymanov çıxış edəcək.

Qeyd edək ki, Şimali Kiprdə Azərbaycan Mədəniyyəti gecəsinin reallaşmasında Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyətinin prezidenti Elçin Süleymanovun və həmin cəmiyyətin üzvlərinin, xüsusilə Orxan Ərnağızadə, Tofiq Hüseynov və Cəfər Mənsiminin böyük rolu var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar