Martın 9-dan 10-na keçən gecə şimal bölgəsində müşahidə edilən isti külək və yağışlı hava şəraiti nəticəsində ərazidə olan qarlar sürətlə əriməyə başlayıb. Quba rayon ərazi Hidremeteorologiya İdarəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, bunun nəticəsində regiondakı çaylarda suyun səviyyəsi artıb. Belə ki, Qubadakı Qudyalçayda 20, Vəlvələçayda 22, Qusarçayda 22, Siyəzən rayonu ərazisindəki Gilgilçayda isə suyun həcmi 30 kubmetr qalxıb.
Küləyin rayonlara vurduğu fəsadların artıq aradan qaldırılmasına başlanılıb. Qusarın Zindan Muruq kəndində dam örtüyü uçmuş seçki məntəqəsinin, o cümlədən evlərin damı bərpa edilib. Çayların daşması nəticəsində bağlanan yolların bir qismini açmaq mümkün olub. Aladaş-Kuzun kəndləri istiqamətində yollarda isə işlər hələ də davam etdirilir.
Qusar rayon icra hakimiyyəti başçısının müavini Aliş Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, rayonda təmir bərpa işləri aparılır. Hələlik dağlıq rayonlardan küləyin fəsadları barədə məlumatlar daxil olmağa davam edir.
Aytəkin Alxaslı/ANS PRESS/