Səyyar qəzet satışında yaranmış problemlər çözüləcək
06 Yanvar 2012 Cümə 18:01
Mətbuat Şurası Bakı meriyasından səyyar yayım işinin lisenziyalaşdırılmasına kömək göstərməyi xahiş edib.
Mətbuat Şurası səyyar qəzet satışında yaranmış problemlərlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, müraciətdə ümumilikdə ölkədəki KİV-lərin satışının qurulmasında mühüm vasitə olan səyyar yayım işinin lisenziyalaşdırılmasına kömək göstərmək xahiş edilir.
Qeyd edək ki, bu günlərdə bir sıra səyyar qəzet satıcıları mövcud sahədəki çətinliklərlə əlaqədar Mətbuat Şurasına müraciət ünvanlayıb və məsələ Mətbuat Şurasında müzakirə olunub.
2005-ci ildə oxşar problem şəhərin mərkəzində qəzet stendlərində satışla bağlı da yaranıb. Həmin vaxt Mətbuat Şurası ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa əsasən mövcud istiqamətdə fəaliyyət göstərən şəxslər Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən müvafiq lisenziya ilə təmin olunub və məsələ həllini tapıb. Mətbuat Şurasının son müraciətində də bu xatırlanıb və dünya təcrübəsində rast gəlinən səyyar qəzet satışının ölkəmizin kütləvi informasiya vasitələrinin iqtisadi imkanları baxımdan da effektivliyi əsaslandırılıb.
DOSTLARINLA PAYLAŞ: