Şəkidə məcburi köçkünlər üçün yeni qəsəbə salınır
20 Aprel 2012 Cümə 19:24
Azərbaycanın Şəki rayonunda məcburi köçkünlər üçün 423 evlik yeni qəsəbə salınır.
 Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər İcra Hakimiyyəti aparatından məlumat verilib.

Bildirilir ki, məcburi köçkünlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə rayonun Baltalı kəndi yaxınlığında, Kiş bələdiyyəsinə məxsus ərazidə 423 ailəlik yeni qəsəbə salınır. Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına tikilən qəsəbənin inşasına 2012-ci ilin yanvar ayında başlanıb. Qəsəbədə tikilən evlərin 17-si bir, 211-i iki, 175-i üç, 20-si isə dördotaqlıdır.

Qış mövsümündə havaların əlverişsiz keçməsinə baxmayaraq, qəsəbənin tikintisi qrafikə uyğun aparılır. Tikilən evlərin çoxunun damı örtülüb, qəsəbəyə gedən yol asfaltla örtülüb. Qəsəbədə yaşayış evləri ilə yanaşı, klub icma mərkəzi, 50 yerlik uşaq bağçası, 360 şagird yerlik məktəb binası, poçt, ambulatoriya və digər sosial obyektlərin tikintisinə başlanıb.

Bundan əlavə, qəsəbədə subartezian quyuları qazılır, transformator yarımstansiyası quraşdırılır. Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov vaxtaşırı inşaatçılarla görüşür, burada aparılan tikinti-quraşdırma, abadlıq işləri ilə yaxından tanış olur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar