Səhiyyə Nazirliyi BMT-nin hesabatını yanlış hesab edir
27 Oktyabr 2011 Cümə Axşamı 18:20
Dünya əhalisinin durumu-2011” hesabatında Azərbaycana dair heç bir mənbəyə əsaslanmayan bəzi yanlış məlumatlar var.
Azərbaycanın Səhiyyə Nazirliyi dünya əhalisinin sayının 7 milyarda çatması ilə əlaqədar BMT-nin Əhali Fondu “Dünya əhalisinin durumu-2011” (“State of world population-2011”) adlı hesabatında Azərbaycanla bağlı məlumatları yanlış hesab edir. ANS PRESS-in nazirliyin rəsmi saytına istinadla verdiyi məlumata görə, hesabatda Azərbaycana dair heç bir mənbəyə əsaslanmayan bəzi yanlış məlumatlar öz əksini tapıb.

Qurum bildirir ki, Azərbaycan Respublikasının Statistika Komitəsinin ana və uşaq ölümünə dair göstəriciləri illər üzrə dəqiqliyi ilə hesablanıb. Həmin göstəricilər eyni zamanda ÜST tərəfindən qəbul olunub və hesabatlarda əks olunub.

Nazikrlik bəyan edir ki, respublikanın iqtisadi potensialı artdıqca, səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün geniş imkanlar yaranıb və yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

Qeyd etmək lazımdır ki, ilk dəfə olaraq səhiyyə proqramları dövlət tərəfindən maliyyələşdirilməyə başlayıb. Bu proqramların icrasına bu günə kimi 200 milyon manatdan artıq büdcə vəsaiti sərf olunub.

Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. Bu tədbirlər BMT-nin Uşaq Hüquqları Konvensiyasına və “Minilliyin İnkişaf Məqsədləri”nə uyğun olaraq uğurla davam etdirilir. 2005-ci ilin dekabrında Azərbaycan Dövləti və Səhiyyə Nazirliyi çox vacib və prioritet istiqamət kimi üçüncü minilliyin məqsədləri sırasında uşaq və ana ölümünün 1990-cı illə müqayisədə 2015-ci ilədək 3 dəfədən çox azaldılması haqqında beynəlxalq proqrama qoşulub və bununla əlaqədar davamlı, ardıcıl və silsilə tədbirlər bu gün də uğurla həyata keçirilir. Ana və uşaqların sağlamlığının qorunması dövlət proqramı ilə nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 6-sı (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba, Sabirabad) artıq fəaliyyət göstərir.

Son illərdə respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində səhiyyənin bir çox sahələrində olduğu kimi, ana və uşaqların sağlamlığının qorunması işində də uğurlar göz qabağındadır. Əgər 1993-cü ildə respublikada 0-1 yaşadək körpə ölümü hər min diri doğulana 28,2 faiz təşkil edirdisə, son iki ildə bu göstərici 11-ə enib. 0-5 yaşadək uşaq ölümü 1993-cü illə müqayisədə hər min diri doğulana 44,4 faizdən 4,3 faizədək azalıb.

Ana ölümü əmsalı 1993-cü illə müqayisədə hər 100 min diridoğulana 34,4-dən 2010-cu ildə 15,7-dək azalıb.

Səhiyyə Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, əhalinin maarifləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində evdə doğuşların sayıda əhəmiyyətli dərəcədə azalıb; 2010-cu ilin statistikasına görə bu göstərici ümumi doğuşların 2,3%-ni təşkil edir.

Qeyd edək ki, BMT-nin sənədinə görə, Azərbaycanda beş yaşına çatmamış uşaqlar arasında hər 1000 nəfərə təqribən 33 ölüm düşür. Hər 100 000 doğuş zamanı isə 38 ana dünyasını dəyişir. Hesabata görə, Azərbaycanda hər 1000 doğuşdan 42-si 15-19 yaşlı ananın payına düşür. Ölkədə doğuşların 88%-i peşəkar tibbi personal tərəfindən qəbul edildiyi halda, qalan 12% ev şəraitində və peşəkar tibbi yardım olmadan baş verir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar