Samur keçid məntəqəsində maşınların növbəsi yaranıb
14 Aprel 2012 Şənbə 18:42
Gömrük terminalının qarşısında duran təxminən 150-yə yaxın yük avtomobili Dağiştana keçmək üçün növbə gözləyir.
Rusiya-Azərbaycan sərhəddində yerləşən Samur keçid məntəqəsində sərnişin avtobuslarının və yük avtomobillərinin uzun növbəsi yaranıb. Gömrük terminalının qarşısında duran təxminən 150-yə yaxın yük avtomobili Dağiştana keçmək üçün növbə gözləyir.
Xaçmaz Gömrük İdarəsinin Samur Gömrük Məntəqəsinin rəisi Hüseyn Məsumov isə bildirib ki, son iki gündə qonşu ölkənin gömrük məntəqəsində texniki problem yaranıb və artıq bu aradan qaldırılıb. Uzun növbələrin yaranmaması üçün Rusiyanın gömrük məntəqəsinin nümayənədələri ilə danışıqlar aparılır.
Hüseyn Məsumov yük avtomobillərinin növbəsinin yaranmasının da qonşu ölkə ilə bağlı olduğunu deyir. Onun sözlərinə görə, gün ərzində təxminən 80-90 yük maşını qonşu ölkəyə buraxılır: “Bu həm də Rusiyaya keçmək istəyən yük maşınlarının həddindən çox olması ilə əlaqədardır. Bu maşınların da keçməsi üçün tədbirlər görülür”.
Sürücü və sərnişinlər isə Rusiyaya buraxılmamalarının səbəbini bilmirlər.
DOSTLARINLA PAYLAŞ: