SAM-da yeni kitabın müzakirəsi keçirilib
23 Fevral 2012 Cümə Axşamı 13:06
Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Enerji ehtiyatlarının “lənət”inin fövqündə” adlı kitabın müzakirəsi keçirilib.
APA-nın xəbərinə görə, kitabda zəngin təbii ehtiyatlara malik olan ölkələrin qarşılaşdıqları problem və təhdidlər, eləcə də onların həlli mexanizmləri araşdırılıb. Kitabda Azərbaycan, İran, Norveç, Rusiya, Bəhreyn, Kamboca, Venesuela, Şərqi Timor kimi ölkələrin təcrübəsinə yer verilib.
SAM-ın direktor müavini Gülşən Paşayeva kitabı hazırlayan tədqiqatçıların əməyini yüksək qiymətləndirərək verilən analizin böyük coğrafi məkanı əhatə etdiyini söyləyib. Diplomatik Akademiyanın mühazirəçisi Taleh Ziyadov bildirib ki, tədqiqatda “təbii ehtiyatlar və müharibələr”, “təbii ehtiyatlar və siyasi rejimlər”, korrupsiya, neft gəlirlərinin ölkənin inkişafı üçün xərclənməsi aspektləri üzrə suallara cavab axtarılıb.
Kitabın redaktorlarından Brenda Şaffer hesab edir ki, Azərbaycan enerji ehtiyatlarının “lənət”indən və təbii ehtiyatlarla zəngin bir sıra ölkələrin acı taleyindən qaça bilib: “Azərbaycan öz iqtisadi inkişaf yoluna müasir cəmiyyətə və yüksək təhsil səviyyəsinə malik sovet ölkəsi kimi başlayıb. Əhalinin sayının azlığı da Azərbaycanın xeyrinə işləyir, çünki bu amil gəlirlərin daha yaxşı bölüşdürülməsinə zəmin yaradır”.
DOSTLARINLA PAYLAŞ: