Sabahdan havalar soyuyacaq
02 Aprel 2009 Cümə Axşamı 12:25
Bakı. İlhamə İsabalayeva - APA. Son günlər ölkə ərazisində mülayim, yağmursuz hava şəraiti müşahidə edilib, havanın temperaturu iqlim normasından 5 dərəcə yüksək olub.
Maksimal temperatur Aran rayonlarında 22, dağlıq rayonlarda 15, Abşeron yarımadasında 20, Naxçıvan Muxtar Respublikasında 22 dərəcə isti qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, aprelin 3-də hava şəraitinin dəyişəcəyi gözlənilir. Aprelin 2-dən 3-ə keçən gecədən respublikanın şimal rayonlarından başlayaraq, hava şəraitinin dəyişiləcəyi, 5-dək qeyri-sabit keçəcəyi, əsasən gecə və axşam saatlarında yağış yağacağı gözlənilir. Bəzi rayonlarda yağışın intensiv olacağı ehtimalı var. Temperatur ötən günlərə nisbətən 5-7 dərəcə düşəcək. Aprelin 2-də axşam və 3-də qərb küləyi arabir saniyədə 15-20 metr sürəti ilə əsəcək, bəzi Kür vadisi rayonlarında küləyin sürəti 25-30 metrədək güclənəcək. Dağ çaylarında sululuğun artacağı ehtimalı var.

Aprelin 3-də Bakı və Abşeron yarımadasında buludluğun artacağı, şimal-qərb küləyinin saniyədə 15-20, səhər və gündüz arabir 25-30 metrədək güclənəcəyi gözlənilir. Aprelin 2-nə nisbətən 3-də temperatur 5-7 dərəcə düşərək, gündüz 12-14 dərəcə olacaq.

Aprelin 3-dən başlayaraq, həftənin sonunadək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli sutkalıq tərəddüdləri, aprelin 2-nə nisbətən temperaturun düşməsi, güclü xəzrinin aprelin 4-də cənub küləyinə keçməsi, 5-də yenə də güclənən xəzri küləyi ilə əvəzlənəcəyi gözlənilir. Belə dəyişkən hava şəraiti meteohəssas insan üçün əlverişsiz olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar