Sabahdan hava soyuyacaq, bəzi yerlərdə qar yağacaq
26 Mart 2012 Bazar Ertəsi 12:39
Martın 27-si və 28-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında sulu qar və qar yağacağı gözlənilir.
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.
A. Verdiyevin sözlərinə görə, bölgələrdə martın 27-də arabir yağıntı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bölgələrdə qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Temperatur aran rayonlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 3-8 dərəcə isti gözlənilir. Martın 28-də isə arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Bəzi yerlərdə qarın intensiv olacağı ehtimalı var. Havanın temperaturu gecə aran rayonlarında 0-4, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Abşeron yarımadasında isə martın 27-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Bakı və Abşeronda külək olacaq, gecəyə doğru yarımadanın bəzi yerlərində külək güclənəcək. Temperaturun gecə 2-5, günün birinci yarısında 11 dərəcəyədək, günün ikinci yarısında isə 4 dərəcəyədək isti olacağı gözlənilir.
Martın 28-də isə paytaxtda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, yağıntılı olacaq. Gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Gündüz mülayim şimal küləyi əsəcək, temperatur gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.
DOSTLARINLA PAYLAŞ: