Sabah Azərbaycanda beynəlxalq inşaat sərgisi başlayır
18 Oktyabr 2011 Çərşənbə Axşamı 15:04
Oktyabrın 19-22-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda XVII Azərbaycan Beynəlxalq İnşaat Sərgisi («Baku Build-2011») keçiriləcək.
«APA-Economics»in məlumatına görə, bu gün Bakıda keçirilən sərgiyə həsr olunmuş mətbuat konfransında çıxış edən sərginin meneceri Samirə Teymurova qeyd edib ki, bu il sərgidə 26 ölkədən 317 şirkət iştirak edəcək: «Builki sərgidə şirkətlərin sayı və sərginin ekspozisiya sahəsi ötən ilə nisbətən 20% artıb. Azərbaycandan olan istehsalçı və distribütorlar isə sərgi iştirakçılarının ümumi sayının 35%-ni təşkil edir. Bununla yanaşı, sərgiyə Türkiyə, Çin, Koreya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qərbi və Şərqi Avropa ölkələrindən olan şirkətləri də qatılacaq. Bu ölkələr sərgi iştirakçılarının 50%-ni, yaxın xaric və MDB məkanından olan iştirakçılar isə təxminən 15%-ni təşkil edir».
S.Teymurovanın sözlərinə görə, bu il sərgiyə qatılan şirkətlərin 24%-i sözügedən tədbirə ilk dəfədir qatılır: «Sərgidə fərdi stendlərlə yanaşı, 6 kollektiv ekspozisiya da təqdim olunacaq. Onların sırasında milli stendlər və birləşdirilmiş milli qruplar mövcuddur».
Sərginin meneceri onu da bildirib ki, tədbir çərçivəsində IX Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn («Caspian MebelExpo-2011») , III Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma Sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları və Üzgüçülük Hovuzu (CIPS-2011) və IV Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri («Aqua-Therm Baku-2011») sərgiləri də təşkil olunacaq.
«Sərgi çərçivəsində bir sıra seminar, təqdimat və ustad dərsləri keçiriləcək», - deyə S.Teymurova bildirib.
Qeyd edək ki, sərgi Azərbaycan Fövqəladə Hallar, İqtisadi İnkişaf nazirlikləri, Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) dəstəyi ilə keçiriləcək. APA
DOSTLARINLA PAYLAŞ: