Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi
25 Yanvar 2012 Çərşənbə 19:13
Kinodramaturq Rüstəm İbrahimbəyov Azərbaycan-Fransa mədəni əlaqələr cəmiyyətinin prezidenti vəzifəsindən də istefa verib.
Məşhur Azərbaycan kinodramaturqu və ictimai xadim Rüstəm İbrahimbəyov Fransanın İncəsənət ordenindən imtina etdiyini və Azərbaycan-Fransa mədəni əlaqələr cəmiyyətinin prezidenti vəzifəsindən istefa verdiyini bildirib.
İbrahimbəyovun “Turan” agentliyinə daxil olmuş bəyanatında deyilir:
“23 yanvar 2002-ci ildə Fransanı, onun böyük demokratik ənənələrini sevən hər kəs üçün təəccüb və məyusluq doğuran hadisə baş verdi. Bu ölkə vətəndaşlarının əsrlər boyu yaratdığı, bütün bəşəriyyətin mənəvi təşəkkülünə təsir etmiş dəyərlər sistemi dağılır. Demokratik dünya görüşünün əsasında duran, minlərlə fransızın uğrunda həyatını fəda etdiyi Azadlıq, Bərabərlik, Qardaşlıq anlayışları Fransa Parlamentinin “erməni soyqırımının” inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qərarı ilə sual altına alınıb. Həm də 1915-ci ildə Birinci Dünya Müharibəsi zamanı baş vermiş faciəvi hadisələrdən dünya ictimaiyyəti fərqli şəkillərdə bəhs edir və beynəlxalq səviyyəli müvafiq məhkəmə qərarları yoxdur.
Ölkənin demokratik imici qarşısında əhəmiyyəti çox cüzi olan şəraitə uyğun düşüncələr, seçki mənfəəti naminə fransızları elementar ifadə azadlığı hüququndan məhrum edir. Bu qanunu millətlərarası münasibətlər təcrübəsində təhlükəli presedent yaradan milli fobiyanın təzahürü kimi qiymətləndirənlərlə razılaşmaq da çətindir.
Yeni qanunun Türkiyə əleyhinə yönəldiyi göz önündədir. Lakin onun əsirləri, faktiki olaraq, bütün türk dünyasının nümayəndələridir və mən bir Azərbaycan vətəndaşı bildirirəm ki, yaranmış vəziyyətdə Fransanın İncəsənət və Ədəbiyyat Ordenindən imtina etməyə bilmərəm və Azərbaycan-Fransa Mədəni Əlaqələr Cəmiyyətinin prezidenti qismində fəaliyyətimə son qoyuram.
İnanmaq istərdim ki, Fransa Konstitusiya Məhkəməsinin parlamentin bu qədər etiraz və diskussiyalara səbəb olmuş qərara yanaşmasında sağlam düşüncə üstünlük təşkil edəcək və o, əsas insan hüquq və azadlıqlarını kobud şəkildə pozan qanun qüvvəyə minməyəcək”.
Qeyd edək ki, Rüstəm İbrahimbəyov eyni zamanda Azərbaycanın xalq yazıçısı, ABŞ və Avropa Kino İncəsənəti və Elmlər Akademiyasının üzvü, MDB və Baltika ölkələri Kinematoqrafçılar Konfederasiyasının sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, və Amerikanın Oskar kino akademiyasının mükafatının laureatıdır.
DOSTLARINLA PAYLAŞ: