Rusiya Xİ naziri Azərbaycana səfərdə
11 Mart 2009 Çərşənbə 19:25
Rusiya xarici işlər naziri Sergey Lavrov bu dəqiqələrdə Bakıya işgüzar səfərə gəlib. APA-nın məlumatına görə, səfər 2 gün davam edəcək.
Rusiya XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenkonun sözlərinə görə, səfər çərçivəsində S. Lavrovun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir. “Rusiya tərəfi Azərbaycan rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq gündəlikdə duran məsələlərlə bağlı müzakirələrə xüsusi əhəmiyyət verir” deyən A. Nesterenko bildirib ki, səfər çərçivəsində S. Lavrov həmkarı Elmar Məmmədyarovla keçirəcəyi görüşdə həm ikitərəfli münasibətlər, həm də regional və beynəlxalq məsələlərin müxtəlif aspektlərini müzakirə edəcək.
Nazirlər BMT, MDB və digər beynəlxalq strukturlarda əməkdaşlığın dərinləşdirilməsi imkanları ətrafında da fikir mübadiləsi aparacaqlar. Rusiya XİN rəsmisinin sözlərinə görə, danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Xəzərin hüquqi statusunun müəyyən olunması məsələləri də müzakirə olunacaq.
S. Lavrov sabah həmkarı E. Məmmədyarovla Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin rəsmi açılış mərasimində iştirak edəcək.
DOSTLARINLA PAYLAŞ: