“reket”çiliklə məşğul olan daha bir neçə qəzet və jurnalın adı bəlli olub
01 Aprel 2009 Çərşənbə 16:15
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Mətbuat Şurası (MŞ) tezliklə “reket” qəzet və jurnalların yeni siyahısını açıqlayacaq.
MŞ-nın “reket” jurnalistikaya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə APA-ya açıqlamasında peşə fəaliyyəti ilə bir araya sığmayan, hərəkətləri şikayət doğuran 30-dan çox mətbu orqanla bağlı müvafiq məlumat və sənədlərinin baxılmaq üçün qurumun İdarə Heyətinə təqdim edildiyini deyib.

Onun sözlərinə görə, komissiyanın müxtəlif idarə, müəssisə və təşkilatlardan, ayrı-ayrı vətəndaşlardan aldığı şikayətlər bundan iki dəfə çoxdur: “Hələlik digər qismə irad, tövsiyə və xəbərdarlıqları bildirməklə kifayətlənmişik. Təqdimatda sadəcə həmin nəşrlərdə peşə fəaliyyətinə nə dərəcədə sayğısızlıq göstərilməsi, belə hərəkətlərin xarakteristikası, sayı, Mətbuat Şurasının tövsiyə və iradlarına münasibət və digər amillər əsas götürülüb”.

V. Rəhimzadə “reket” qəzet və jurnallarla bağlı bəzi məqamlara da aydınlıq gətirib: “Bu siyahıda “Qanun və gerçəklik”, “Respublika qanunları”, “Dövlət qanunları” qəzetlərinin adlarının yer alacağı şübhəsizdir. Bu nəşrlərin rəhbərlikləri barədə inzibati orqanlarda cinayət işinə başlanılıb. Şantaj, hədə-qorxu yolu ilə pul tələbetmələr onlara belə aqibəti yaşadıb. Digər qrup nəşrlər “reket”çiliyin başqa üsuluna üstünlük verirlər. Onlar əvvəl konkret fakta, dəlil-sübuta əsaslanmayan yazılar dərc edir, sonra qəzetin həmin sayını müxtəlif yollarla aidiyyatı instansiyalara çatdırır, nəhayət özləri həmin ünvana baş çəkir, tələblərini irəli sürürlər. Bakıdakı 5 saylı doğum evinin də “Doğma respublika” qəzeti barədə şikayəti bu xüsusdadır”.

Komissiya sədri şuraya daxil olan digər şikayətlərdən də danışıb: “Qəzetlərin saylarının maliyyələşdirilməsi, yaxud bayramlar öncəsi maddi kömək üçün təkidli müraciətlər barədə şikayətlər də mütəmadi gəlməkdədir. “Azərbaycan Parlamenti”, “Müfəttiş”, “Bizim xəbər” qəzetlərinin istifadə etdikləri bu cür metodlar şikayətlər doğurub. Narahatlıq yaradan cəhətlər sırasında bir sıra nəşr rəhbərlərinin, əməkdaşlarının maklerlik, vasitəçilik, təftişçilik, “müdafiəçilik” funksiyalarını öz üzərlərinə götürmələri xüsusi yer tutur. “Məhkəmə və qanun” qəzetindən komissiyaya bu barədə şikayət daxil olub. Müraciətlərin digər qismində ayda, iki-üç ayda bir sayı çıxan qəzetlərin təhdid xarakterli anonslara, mətnlərə necə geniş yer vermələri göstərir ki, istər-istəməz “reket”çilik anlayışı göz önünə gəlir. Komissiya belə qəzetlər barədə ölçü götürülməsini də məntiqi sayır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar