Rejissor İlqar Safat Moskva hökumətinin diplomu ilə təltif olunub
08 Sentyabr 2011 Cümə Axşamı 12:06
Azərbaycanlı rejissor İlqar Safat Moskva hökumətinin diplomu ilə təltif olunub-


Bakı. Ülkər Qasımova-APA. XV Milli Kinematoqrafiyalar Forumunda “Sahə” bədii filminin rejissoru İlqar Safat Moskva hökumətinin diplomu ilə təltif olunub. “Nərimanfilm” kino şirkətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, XV Milli Kinematoqrafiyalar Forumu 2011-ci il avqustun 27-dən sentyabrın 4-dək Moskvada, Krasnaya Presnya Kino Mərkəzində baş tutub. Tədbir Rusiya Dövlət Film Fondunun və MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Kinematoqrafçılar İttifaqları Konfederasiyası tərəfindən “Moskva Premyerası” festivalı çərçivəsində keçirilib.

Mövcud olduğu 15 il ərzində Forum bir çox istedadların aşkar edilməsinə səbəb olub. MDB, Latviya, Litva və Estoniya ölkələrini əhatə edərək Forum dünya kinosevərlərinə həmin ölkələrin kinematoqrafiyasında baş verən yeniliklərdən xəbər tutmağa imkan yaradıb. XV Milli Kinematoqrafiyalar Forumunda Azərbaycan “Sahə” filmi ilə təmsil olunub. “Sahə” bədii filmi (The Precinct) məşhur fotoqrafın öz uşaqlıq dövrünə mistik səyahətindən danışır. Film “Nərimanfilm” (Azərbaycan), “Georgianfilm” və “Bagira Films” (Gürcüstan) studiyalarının müştərək istehsalıdır. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa ediblər. Filmin ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar