Ramiz Həsənov "Sakpatenti"nin sədri ilə görüşüb
16 Yanvar 2012 Bazar Ertəsi 20:21
Standartlaşdırma Komitəsinin sədri Azərbaycanda innovasiyaların tətbiqini və yerli ixtiraçıların artdığını xüsusi vurğulayıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovla Gürcüstanın İntellektual Mülkiyyət üzrə Milli Mərkəzinin (“Sakpatenti”) sədri İrakliy Qvaladze və sədrin müavini Yekatirina Yequtiya ilə görüş keçirilib. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, R. Həsənov Azərbaycanda patent sisteminin beynəlxalq tələblər səviyyəsində inkişaf etdiyini, yeni texnologiyaların, innovasiyaların tətbiqini, yerli ixtiraçıların artdığını xüsusi vurğulayıb.
Həmçinin sənaye mülkiyyəti obyektlərinin hüquqi qorunması ilə bağlı müraciətlərin də ötən illərlə müqayisədə artdığını qeyd edən komitə sədri, bu sahənin daha da inkişaf etdirilməsi üçün Koreya təcrübəsindən istifadə olunacağını bildirib: “Belə ki, Cənubi Koreyanın ayırdığı qrant əsasında komitədə “Əqli mülkiyyət hüquqlarının idarə olunmasının avtomatlaşdırılması” layihəsi uğurla icra olunmaqdadır”.
Komitə sədri milli ənənəvi brendlərin, əmtəə nişanları və coğrafi adların qarşılıqlı tanınması və mühafizəsi istiqamətində Gürcüstanla əməkdaşlığın genişləndirilməsinin də zəruri olduğunu qeyd etmiş, bununla bağlı ikitərəfli razılaşma sənədinin hazırlanmasını məqsədə müvafiq hesab edib. “Sakpatenti”nin sədri İrakliy Qvaladze isə patent sisteminin Azərbaycandakı inkişafından məmnun olduğunu bildirib və bu sahədə qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib. O, “Sakpatenti”nin coğrafi adlardan istifadə məsələlərinin hüquqi mexanizmlərinin təkmilləşdirilməsində maraqlı olduğunu bildirib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Höküməti ilə Gürcüstan Höküməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq Sazişi” 20 may 2009-cu ildə imzalanaraq qüvvəyə minib. Bununla yanaşı Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası komissiyanın 6-cı iclasının protokoluna uyğun olaraq, adıçəkilən Sazişin icrasının həvalə edildiyi orqanların əməkdaşlığının şərtləri haqqında Protokol layihəsi hazırlanıb.
DOSTLARINLA PAYLAŞ: