Qubada aşkar edilmiş kütləvi məzarlıqdakı insan sümüklərinin parçalanmasının qarşısının alınması məqsədilə mayın 25-də İrandan Azərbaycana xüsusi dərman preparatı göndəriləcək. Bu barədə "ANS Press"ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qubada aşkar edilmiş məzarlıqda çalışan ekspedisiya qrupunun rəhbəri Qəhrəman Ağayev məlumat verib.
Qəhrəman Ağayev bildirib ki, Tehran Universitetinin professoru Rza Nihadi ilə Naxçıvanda keçirilmiş tədbirlərdən birində sümüklərin parçalanmasının qarşısının alınması mövzusunda söhbət edərkən, iranlı professor belə halların qarşısını almaq üçün ölkəsində "Palaroid" adlı kimyəvi məhlul olduğunu bildirib və söz verib ki, həmin məhlulu Azərbaycana göndərəcək. "Mayın 25-də məhlulu alandan sonra onu kimya laboratoriyalarda yoxlatdıracağıq, əgər məsləhətli olsa, dərman sümüklərə vurulacaq. Dərman sümüklərə asetonla (barıt və müxtəlif maddələr istehsalında işlənilən maye) qarışdırılıb ayda 1 dəfə vurulmalıdır" - deyə Qəhrəman Ağayev bildirib.
Xatırladaq ki, Qubadakı kütləvi məzarlıq 2005-ci ilin aprel ayında ərazidə qazıntı işləri aparılarkən aşkar edilib. Məzarlıqdakı insan sümüklərinin 1918-ci ildə xüsusi amansızlıqla qətlə yetirilmiş azərbaycanlılara məxsus olduğu təsdiqlənib.
Esmira Cavadova /ANS PRESS/