Qızıldaş Mədəniyyət Evində niyə ölü yuyulur?
28 Fevral 2012 Çərşənbə Axşamı 12:29
Qəsəbə məscid üzünə həsrət qaldığına görə ölülər elə burada yuyulur.
Bakının Qızıldaş qəsəbəsinin Mədəniyyət Evi uzun illərdir ki, insan üzünə həsrət qalıb. ANS TV-nin məlumatına göər, özülündə mədəniyyətdən əsər-əlamət belə qalmayan 1976-ci ilin yadigarı olan Mədəniyyət Evi vaxtilə tamaşaçılarla dolub olub. Həmişə tamaşa, xarici və yerli kinoları izləyib, müğənnilərin ifasını dinləyən camaat indi ondan şikayət edir. Vaxtilə kinoların yayımlandığı dəliklər indi göyərçinlərin yuvasıdır. Vaxtilə 450 nəfərlik oturacaqların zəbt etdiyi boşluqda yenə də kimlərsə oturur. Amma kinoya, konsertə baxmaq və ya filmi izləmək üçün yox. Uzaq evinə getməkdənsə elə buradaca özünü rahatlamaq üçün. Qəsəbənin ölən sakinlərinin meyiti də qəsəbə məscid üzünə həsrət qaldığına görə elə burada yuyulur. Vaxtı ilə artistlərin səsilə dolan məşq otaqlarında da indi lap “ölüxana” sakitliyi var. Uçuq divarlar, sökülmüş döşəmə və tavanlar.

Sakinlərin sözlərinə görə, vaxtilə burada hansısa tamaşaya baxmaq üçün billet üstündə dava düşərdi.

“450 nəfərlik zalda yerlər dolardı, çoxu ayaq üstə dayanardı. Yadımdadır ki, biz balacalar kənarda yerdə otururduq, ya da ayaq üstə dayanırdıq, böyüklər isə oturardılar”, - deyə qəsəbə sakini Qismət Vəliyev vurğuladı.

İndi bu Mədəniyyət Evində növbə olsa-olsa, domino oynamaq üstündə olar. Çünki Mədəniyyət Evini daha çox ziyarət edənlər domino həvəskarlarıdır. Amma Mədəniyyət Evinin mədəniyyət günlərinin qayıtmasını arzulayanlar da az deyil.

“Çox istərdik ki, bizim uşaqlar da gəlsinlər kinoya, hansısa tamaşaya baxsınlar. Bunun üçün şəhərə niyə gedək?”, - deyə qəsəbə sakini Əfruz Qasımov şikayətləndi

Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev bildirib ki, Mədəniyyət Evi yarandığı gündən Qaradağ Tikinti Kombinatı İdarəsinin balansındadır. Regionların 2011-2013-cü illərdə Bakı və Bakıətrafi qəsəbələrin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində qəsəbənin mədəni günləri tezliklə geri qayıdacaq. Görünür ki, sakinlərə təəssüfünü çəkdikləri Mədəniyyət Evinə görə daha bir il gözləməkdən başqa yol qalmır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar