QHT-lərə Dövlət Dəstəyi Şurası 226 layihəyə dəstək verdi
03 Aprel 2009 Cümə 12:55
Həmin layihələrə ümumilikdə 1 milyon 848 min manat vəsait ayrılacaq

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası 2009-cu il üçün elan edilmiş QHT-lərə maliyyə yardımı müsabiqəsinin nəticələri haqqında mətbuat konfransı keçirib.ANSPRESS-in məlumatına görə, şuranın sədri, Milli QHT Forumunun prezidenti Azay Quliyev bildirib ki, müsabiqənin nəticələri artıq yekunlaşıb

«Bu il Şuraya 569 layihə təqdim edilib. Onlardan 212-si ötən il də müsabiqəyə qatılıb, 357-si isə ilk dəfə olaraq müsabiqədə iştirak edib. Layihə təqdim edən QHT-lərin Şuradan istədiyi məbləğ ümümilikdə 9 milyon manata yaxın olub, amma Şuranın müsabiqə fondu bundan dəfələrlə az- 2 milyon 68 manat təşkil edib». deyə şursa sədri bildirib.

Sənədləri müsabiqə qaydalarına uyğun olmayan 6 QHT ümumiyyətlə müsabiqəyə buraxılmayıb. 563 layihəyə isə ekspertlər tərəfindən baxılıb. Hər layihəyə 3 ekspert, ümumilikdə isə bu işə 19 ekspert cəlb edilib və onlar 17 fevral- 7 mart tarixlərində layihələri ekspertizadan keçiriblər. Ekspertlər üçün 17 min manat məvacib ayrılıb.
Beləliklə, layihələrdən cəmi 226-sının layihəsi Şura tərəfindən dəstəklənib və onlara ümumilikdə 1 milyon 848 min manat vəsait ayrılacaq. Bu QHT-lərdən 130-u ilk dəfədir ki, Şuranın dəstəyini qazanır, 96 QHT isə 2008-ci ildə də müsabiqənin qalibi olub.
Layihələr 14 prioritet istəqamət üzrə qruplaşdırılıb. İnsan hüquqları və demokratiya mövzusunda 21 layihə Şuranın dəstəyini qazanıb ki, onlara ümumilikdə 212 min 600 manat vəsait ayrılacaq. QHT-lərin institusional inkişafı ilə bağlı dəstəklənən 15 layihəyə ümumilikdə 158 min manata yaxın vəsait, Dağlıq Qarabağ münaqişəsilə bağlı dəstəklənən 19 layihəyə 159 min manat, Ailə, qadın və uşaq problemlərilə bağlı dəstəklənən 21 layihəyə 152 min manata yaxın pul ayrılacaq. Bundan başqa, sosial problemlərin həllinə kömək məqsədilə 13, mədəniyyətin inkişafına kömək məqsədilə 23, səhiyyənin inkişafı istiqamətində 15, ətraf mühitin mühafizəsi istiqamətində 14, gənclərin problemlərinin həllinə dəstək məqsədilə 14, elm və təhsilin inkişafına dəstək məqsədilə 10, terrorizm, narkomaniya, korrupsiya və insan alverinə qarşı mübarizədə QHT-lərin rolunun artırılmasını nəzərdə tutan 9 layihə, region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsi üçün 29, sahibkarlıqla bağlı 10, qaçqın və məcburi köçkünlərin, əlil və şəhid ailələrinin sosial problemlərinin həllinə kömək məqsədilə isə 13 layihə Şura tərəfindən dəstəklənib. Dəstəklənən layihələrin maksimum büdcəsi 17 min manatdır, orta məbləğ isə 10 min manat təşkil edir.
A.Quliyevin sözlərinə görə, ümumilikdə 2009-cu ildə QHT-lərin proqram və layihələri üçün ayrılan 2 milyon 68 manatdan 1 milyon 540 min manatı elan olunmuş fonddur, 508 min manatı sərbəst fonddur, 20 min manat vəsait isə Dünya Bankı ilə birgə layihə üçün nəzərdə tutulub.

 Şuranın maliyyələşdirdiyi layihələr arasında "İlin ən yaxşı layihəsi" müsabiqəsi keçiriləcək, həmçinin QHT fəaliyyətini ən yaxşı işıqlandıran çap və elektron mətbu orqan üzrə müsabiqə təşkil ediləcək.
Qeyd edək ki, QHT-lərə maliyyə yardımı ilə bağlı müsabiqə yanvarın 15-də elan edilib və sənədlərin təqdim etmə müddəti fevralın 15-də başa çatıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında prezident İlham Əliyev 13 dekabr 2007-ci ildə fərman imzalayıb.

Röya Rəfiyeva /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar