Qədir Rüstəmovun komadan ayılması tibdə möcüzə olacaq
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
Bu barədə onun həkimi deyib.
“Qədirin həkimi bildirdi ki, o, komadan ayılsa, bu, tibdə möcüzə olacaq. Həkimlər vəziyyəti bu qədər ağır olmasına baxmayaraq, onun yaşamaq uğrunda mübarizə aparmasını onsuz da möcüzə sayırlar. Həkimi bu gün mənə dedi ki, Qədirdə olan bir neçə xəstəliklərdən birini belə yaşayan insan çoxdan dünyasını dəyişmişdi, o isə bu qədər xəstəliklə hələ də mübarizə aparır”. Bunu APA-ya açıqlamasında bir aydan artıqdır, İstanbulun “Acıbadem” Xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətində olan Azərbaycanın görkəmli muğam ifaçısı, xalq artisti Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmova deyib.

F. Rüstəmovanın sözlərinə görə, Qədir Rüstəmov bu gün dializ aparatına qoşulacaq: “Həkimi məsləhət gördü ki, bu gün dializ aparatına qoşulsun. Nəticə yaxşı olsa, sabah beyni tomoqrafiya olunacaq. Onun tomoqrafiya olunması üçün aparatdan ayrılması lazımdır, aparatsız qala bilmədiyi üçün bu proses uzadılır. Orqanları bir-bir fəaliyyətini bərpa edir. Artıq ürəyi yaxşı işləyir, böyrəyinin, bağırsağının fəaliyyəti bərpa olunub. Bunlar sevindiricidir. Bircə gözlərini açıb mənə baxsa, komadan ayılsa, daha heç nə istəmirəm. Kaş onun yerinə mən bu vəziyyətə düşəydim. Onu bu vəziyyətdə görməyə dözə bilmirik. Amma ümidimiz var, hər şeyin yaxşı olacağına inanırıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar