Qədir Rüstəmov dəfn edildi
15 Dekabr 2011 Cümə Axşamı 19:04
Azərbaycanın xalq artisti Qədir Rüstəmov II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Dekabrın 14-də dünyasını dəyişən Azərbaycanın xalq artisti Qədir Rüstəmovla bu gün Bakı Musiqi Akademiyasında vida mərasimi olub. Vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olduğunu deyən nazir onun əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri aldığını, sonradan Ağdamda təhsilini davam etdirdiyini bildirib. Azərbaycanın musiqi sənətində Qədir Rüstəmovun xüsusi rolunun olduğunu deyən nazir qeyd edib ki, onun ifasında səslənən “Rast”, “Çahargah” muğamları, “Sona bülbülləri”, “Laçın”, “Sarı gəlin” xalq mahnıları hər kəsin qəlbində özünəməxsus yer tutur.

Əbülfəs Qarayev Qədir Rüstəmovun dövlət tərəfindən xüsusi qiymətləndirildiyini, ölkə başçısı tərəfindən onun “Şöhrət” ordeni ilə təltif edildiyini, Prezident təqaüdünə və Xalq artisti fəxri adına layiq görüldüyünü söyləyib.

Yazıçılar Birliyinin sədri Anar isə Qədir Rüstəmovu təkrarolunmaz sənətkar adlandırıb. O, vida mərasiminə gələnlərlə öz xatirələrini bölüşüb. “Onunla işləmək mənə də nəsib olub. "Üzeyir bəy" filmində çəkilmək üçün ona müraciət etdim. Mənə dedilər ki, razılaşmayacaq, amma razılaşdı. Filmin çəkilişləri Şuşada aparılırdı. O isə filmin çəkilişlərinə Ağdamdan gəldi. Çəkiliş başlayan günü onu çox gözlədik. Mənə dedilər ki, o, həmişə söz verir, amma gəlmir. Çəkilişə gec gəlib çatdı. Gələn kimi də mənə dedi ki, yəqin sənə də deyiblər ki, Qədir Rüstəmov dəlidir. Amma qardaş, Qarabağda dəli olmasan, baş çıxara bilməzsən”, - deyə o vurğulayıb.

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi isə Qədir Rüstəmovun bu dünyada ad qoyaraq getdiyini deyib: “Heç kəs bu dünyada qalmır, amma bu dünyada ad qoyub getmək lazımdır. Qədir Rüstəmov adi muğam ifaçısı ola bilərdi, amma olmadı”.

Tədbirin sonunda Qədir Rüstəmovun oğlu Rüstəm Rüstəmov vida mərasiminə gələn, atasının sənətini qiymətləndirən hər kəsə təşəkkürünü bildirib.

Qədir Rüstəmov II Fəxri Xiyabanda dəfn edilib.


















DOSTLARINLA PAYLAŞ:

oyunlar