Qədir Rüstəmov bu gün son mənzilə yola salınacaq
15 Dekabr 2011 Cümə Axşamı 03:21
Xalq artisti Qədir Rüstəmov Fəxri xiyabanda dəfn ediləcək.
Ötən gün dünyasını dəyişən xalq artisti Qədir Rüstəmov bu gün son mənzilə yola salınacaq. ANS PRESS-in məlumata görə, mərhumun cənazəsi vidalaşmaq üçün 2011-ci il bu gün saat 13.00-dan 15.00-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının binasında (Şəmsi Bədəlbəyli küçəsi, 98) qoyulacaq. Dəfn mərasimi Fəxri xiyabanda keçiriləcək.

Azərbaycanın dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri Qədir Rüstəmovun vəfatı ilə başsağlığı veriblər. Nekroloqu imzalayanlar arasında ölkə prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da var.

Qeyd edək ki, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qədir Çərkəz oğlu Rüstəmov 2011-ci il dekabr ayının 14-də, ömrünün 77-ci ilində vəfat edib.

Qədir Rüstəmov 1935-ci il noyabrın 20-də Ağdam rayonunda anadan olub. Orta məktəbi bitirərək o, əvvəlcə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində, daha sonralar isə Üzeyir Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. Ustad sənətkarlarımızdan muğamın incəliklərini mənimsəyən Qədir Rüstəmov bu illər ərzində xanəndəlik sənətinin sirlərinə daha da dərindən yiyələnməyə müvəffəq olub.

Gənc yaşlarından Ağdamda mahir muğam ifaçıları mühitində yetkin xanəndə kimi formalaşan Qədir Rüstəmov nadir istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi sayəsində az vaxt ərzində tanınaraq geniş dinləyici auditoriyasının böyük məhəbbətini qazanmışdır. O, ömrünün sonuna kimi xanəndəlik sənətinə sadiq qalıb.

Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Qədir Rüstəmov Azərbaycan xalq musiqisinin incəliklərini bilən sənətkar olaraq milli musiqi xəzinəmizi çox həzin və yanğı dolu ifaları ilə zənginləşdirib. O, çoxəsrlik parlaq keçmişə malik Azərbaycan musiqisində layiqli yer tutaraq milli mədəniyyətimizin inkişafına sanballı töhfələr verib. Muğam ifaçılığı ənənələrinin və Azərbaycan xalq musiqisinin saflığının qorunub saxlanılması Qədir Rüstəmovun sənət fəaliyyətinin başlıca qayəsi idi. Unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz onun ifası ilə yenidən həyat qazanıb. Sənətkarın son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnı hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadır.

Ecazkar səsi, təkrarolunmaz ifaçılığı və dinləyicinin mənəvi aləminə nüfuz etməklə onda güclü emosional təsir yaratmaq bacarığı musiqisevərləri və muğam bilicilərini Qədir Rüstəmov sənətinin vurğununa çevirib. Mahir muğam ustasının ifasında səslənən bir sıra muğam dəstgahları, o cümlədən “Rast” və “Çahargah” musiqi mədəniyyətimizin qızıl fonduna daxil olub. O, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı filmdə klassik muğam ifaçısı obrazını ustalıqla canlandırıb.

Qədir Rüstəmovun milli musiqimizə hədsiz vurğunluğu və sədaqəti gənc xanəndələr nəsli üçün əsl sənət məktəbidir.

Milli musiqi mədəniyyəti sahəsində nailiyyətlərinə görə Qədir Rüstəmov Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar